Azərbaycan Berlində işə başlayan “Beynəlxalq Yaşıl Həftə” sərgisində təmsil olunur
Berlin, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Berlində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan “Beynəlxalq Yaşıl Həftə” işə başlayıb.
Ənənəvi olaraq hər il keçirilən sərgidə Azərbaycan ayrıca stendlə təmsil olunur. Milli stenddə ölkəmizin 14 şirkətinin məhsulları nümayiş etdirilir.
“Beynəlxalq Yaşıl Həftə” sərgisi ilə yanaşı, Azərbaycan milli stendinin də açılışı olub.
Sərgidə və paralel keçirilən 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkiblər.
Sərgidə və milli stendimizin açılışında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin