AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİNİN PREZİDENTİ DEVİD VUDVORDUN ÇIXIŞI
Hörmətli qonaqlar, xanımlar və cənablar!
bp şirkəti tərəfdaşları ilə, Azərbaycan hökumətinin və Dövlət Neft Şirkətinin dəstəyi ilə indi əsas diqqətini qarşıdakı aylarda yerinə yetiriləcək yeni tədbirlərə yönəltmişdir. Bildiyiniz kimi, bu yaxınlarda Mərkəzi Azəri yatağının dəniz platforması dənizə aparılıb yerində quraşdırılacaqdır.
Gələn ilin əvvəlində gözlənilir ki, həmin platformadan ilk neft hasil olacaqdır. Bundan sonra qısa bir zamanda Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəcəkdir və ondan da sonra Ceyhandan ilk tanker yola salınacaqdır.
Səyahətdə olarkən, xüsusilə dağlara çıxarkən hərdənbir dayanıb inşa edilmiş yola nəzər salmaq yaxşıdır. Cənab Prezident, biz Sizə minnətdarıq. Bu gün bizə imkan yaratdınız ki, son 10 il ərzindəki nailiyyətlərimizi yenidən nəzərdən keçirək. Deyə bilərik ki, Sizin atanız Heydər Əliyevin yaratdığı Azərbaycanın yeni neft-qaz strategiyasının reallığa çevrilməsi yolunda böyük məsafə qət olunmuşdur. Bu böyük yolu birlikdə çox uğurla qət etməyimiz əminlik yaradır ki, Sizin rəhbərliyiniz altında biz qarşımızda duran zirvələrə uğurla çatacağıq.
Mən bu badəni cənab Heydər Əliyevin xatirəsinə, onun rəhbərliyinin şərəfinə, son 10 il ərzində görülən işlərin şərəfinə və cənab Prezident, Sizin şərəfinizə qaldırıram. Sizə qarşıdakı illərdə Azərbaycan xalqının xeyrinə rəhbərliyinizdə uğurlar arzulayıram.
X X X
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu.
Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və Baş nazirin müavinləri və digər rəsmi şəxslər qəbulda iştirak edirdilər.