Azərbaycan-BMT əlaqələri, mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 31 yanvar, AZƏRTAC
Mədəniyyət naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-BMT əlaqələri, mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib.
Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi” çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına toxunaraq bu nüfuzlu tədbirin BMT vasitəsilə canlı yayımının təşkilində dəstəyə görə minnətdarlığını bildirib. Nazir, həmçinin BMT-nin baş katibi Antonio Quterreşin məruzəsində 2008-ci ildə əsası qoyulan “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə yönəlmiş səylər çərçivəsində mühüm yer tutmasının xüsusi qeyd edildiyini diqqətə çatdırıb. Cari il mayın 2-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirən Əbülfəs Qarayev Forumun təşkilində BMT ilə fəal əməkdaşlıq təcrübəsi olduğunu bildirib.
Qulam İshaqzai, öz növbəsində, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesinə yaxından cəlb olunmağa hazır olduğunu qeyd edərək bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb.