ELM VƏ TƏHSİL
“Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” – mühazirə
Bakı, 1 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru professor Nazim Müzəffərli Sumqayıt Dövlət Universitetinin (SDU) professor-müəllim heyəti üçün “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” mövzusunda mühazirə oxuyub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. N.Müzəffərli araşdırmanın metodologiyası və nəticələrindən danışaraq bildirib ki, İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşının iştirakı ilə yerinə yetirilmiş bu tədqiqat Maliyyə Nazirliyinin sifarişi ilə həyata keçirilib: “Tədqiqatın məqsədi ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirmək və bu əsasda reytinqini tərtib etməkdir. Bunun üçün müəlliflərin təklif etdiyi 3 fərqli metodologiya əsasında bölgələrimiz üçün “Özünümaliyyələşdirmə səviyyəsi indeksi” hesablanıb. Qiymətləndirmə zamanı regionların inkişaf dinamikası, sosial-iqtisadi göstəriciləri, əvvəlki dövrlərdə qəbul olunmuş qərarların regional inkişafa təsirləri kimi məsələlər də araşdırılıb. Tədqiqatın nəticələri Maliyyə Nazirliyinə təqdim olunub”.
Sonra tədqiqatla bağlı geniş müzakirə aparılıb. Tədqiqat qrupunun üzvləri bölgələrdə özünümaliyyələşdirmə səviyyəsinin yüksəldilməsi ilə bağlı sualları cavablandırıblar.