“Bavariya” Frans Bekkenbauer Superkuboku uğrunda oyunda “Borussiya Dortmund”a qalib gəlib
Berlin, 23 avqust, AZƏRTAC
Futbol üzrə Almaniya Superkuboku - Frans Bekkenbauer Kuboku uğrunda qarşılaşmada “Borussiya Dortmund” komandası “Bavariya” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, borussiyalıların doğma meydanı - “Siqnal İduna Park” stadionunda keçirilən qarşılaşmada qalib gələn “Bavariya” kuboka sahib olub.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda hesabı Münxen təmsilçisi açıb. Matçın 28-ci dəqiqəsində “Bavariya”nın yeni transferi Nataniel Braun fransalı hücumçu Mişel Olisenin ötürməsini qolla tamamlayıb - 0:1. İlk hissənin sonunda (45+2) M.Olise özü fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2.
“Borussiya Dortmund” ikinci hissədə dönüş yaratmağa çalışsa da, bu qollardan ancaq birinin əvəzini çıxa bilib. Görüşün 75-ci dəqiqəsində dormundluların portuqaliyalı hücumçusu Fabio Silva hesab arasındakı fərqi azaldıb - 1:2.
Oyunun 90-cı dəqiqəsində isə “Borussiya Dortmund”un əlcəzairli müdafiəçisi Rami Bensebaini qırmızı vərəqə alaraq meydandan qovulub. Qalan dəqiqələrdə hesab dəyişməyib.
Beləliklə, 81 mindən çox azarkeşin izlədiyi qarşılaşmada 2:1 hesabı ilə qalib gələn “Bavariya” Frans Bekkenbauer Superkubokuna sahib olub.