Beste Gürsu: Sərgi Axıska türklərinin tarixini təqdim edir
Bakı, 21 avqust AZƏRTAC
“Axıska türkləri – itmiş sürgünün izində” sərgisi iki il ərzində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi və Dünya Axıska Türkləri Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanıb. Bu sərgi yalnız sürgünü anlatmaq deyil, Axıska türklərinin tarixini də üzə çıxararaq gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Bunun üçün dünya muzeyləri və kitabxanaları ilə əməkdaşlıq etdik. Sərgidə istifadə olunan bəzi materiallar həmin qurumlardan əldə etdiyimiz tarixi sənədlərdir.
Bu barədə AZƏRTAC-a müsahibəsində sərginin kuratoru, beynəlxalq incəsənət məsləhətçisi Beste Gürsu söyləyib. O qeyd edib ki, 1944-cü ildə Axıska türklərinin sürgünü həmin dövrdə Stalin rejimi tərəfindən həyata keçirilən digər deportasiyalarla əlaqəli tarixi kontekstə malikdir: “Axıska türklərinin faciəsi bu gün də aktuallığını qoruyur, çünki onların böyük hissəsi hələ də doğma torpaqlarına qayıda bilməyib”.
Kurator sərginin təşkilində əsas məqsədlərdən birinin Axıska türklərinin yaşadığı ağrıların unudulmaması olduğunu vurğulayıb: “Biz sərgini həm siyasi, həm də mədəni baxımdan gələcək nəsillərə örnək olacaq şəkildə hazırlamışıq. Burada Axıska türklərinin adət-ənənələri, gündəlik həyatları və mədəni irsi də təqdim olunur. Sərgi yalnız incəsənət ekspozisiyası deyil, eyni zamanda, interaktiv, rəqəmsal və sənədli xüsusiyyətləri özündə birləşdirən layihədir”.
B.Gürsu bildirib ki, İstanbuldan sonra sərgi Bakıda təqdim olunur. Noyabrın 14-də isə sərgi Türkiyədə Ankara Vağzalında keçiriləcək. Dəmir yolu xətti Axıska türklərinin sürgün tarixində xüsusi məna daşıyır. Bu səbəbdən sərginin Ankarada məhz vağzalda təşkil olunması rəmzi deyil, sürgünün taleyi ilə birbaşa bağlı olan məkan seçimi kimi qiymətləndirilir.
Müsahibimiz Axıska türklərinin tarixinin və yaşadıqları faciənin müxtəlif auditoriyalara çatdırılmasının, xüsusilə də gənc nəslin bu tarixi daha yaxından tanımasının vacibliyini vurğulayıb.