AZƏRBAYCAN ÇİN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Səfir 2005-ci ilin Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı baxımından əhəmiyyətli il olduğunu bildirmiş, ötən müddətdə ölkəmizin bir neçə yüksək səviyyəli nümayəndə heyətinin ÇXR-ə səfər etdiyini və tərəflər arasında müxtəlif sahələrə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldığını diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin ötən ilin martında ÇXR-ə səfərindən söz açan səfir, ölkəmizin Çin ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirmişdir. Bu səfər Azərbaycan Respublikası ilə ÇXR arasında ikitərəfli münasibətlərin yeni mərhələsinin əsasını qoymuş və ölkələrimizin siyasi, iqtisadi və humanitar əlaqələrinin möhkəmlənməsinə böyük töhfə vermişdir.
Prezident İlham Əliyevin səfər çərçivəsində ÇXR-in rəhbərliyi ilə keçirdiyi görüşləri və Pekində təşkil edilmiş Azərbaycan-Çin biznes forumunda iştirakını xatırladan diplomat iki ölkənin müvafiq qurumları arasında imzalanmış bir sıra vacib sənədlərin münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini vurğulamışdır.
Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən, ölkələrimizin ticarət-iqtisadi əlaqələrinin genişlənməsinə toxunan diplomat, son zamanlar qeyd olunan sahələrdə mühüm irəliləyişin müşahidə edildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, 2005-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 268,4 milyon ABŞ dolları təşkil etmişdir. Bu, 2004-cü ilin müvafiq göstəricisindən 40 faiz çoxdur. Bundan əlavə, hazırda Çinin bir neçə neft şirkəti Azərbaycanda fəaliyyət göstərir və ÇXR-in ölkəmizin iqtisadiyyatına qoyduğu sərmayələrin həcmi 350 milyon dollar təşkil edir.
Ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatından söz açan səfir bildirmişdir ki, 2005-ci ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 13 milyard dollar olmuş, iqtisadiyyata qoyulmuş xarici sərmayələrin məbləği 2004-cü illə müqayisədə 12,7 faiz artmışdır.
Səfir jurnalistlərin Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrinə dair suallarını cavablandırmışdır.
Çinin “Sinxua” agentliyi, “Jenmin Jibao” qəzeti və Çin beynəlxalq radiosu, habelə bir neçə yerli mətbuat orqanı tədbiri geniş işıqlandırmışdır.