Azərbaycan cüdoçuları birinci MDB Oyunlarında daha bir qızıl və gümüş medal qazanıblar
Bakı, 9 sentyabr, AZƏRTAC
Cüdoçularımız Kazanda keçirilən birinci MDB Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev finalda komanda yoldaşı Əhməd Yusifovi məğlub edərək qızıl medal qazanıb. Əhməd Yusifov isə gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, bu gün cüdoçularımızdan Camal Feyziyev (+100 kq), Şəfəq Həmidova (48 kq), Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medallar qazanıblar.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Atletlərimiz badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), koreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.