Azərbaycan dələduzluğa görə həbs olunan üç nəfəri Özbəkistana təhvil verib
Bakı, 28 noyabr, AZƏRTAC
Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək dövlətlərarası və beynəlxalq axtarışa verilən Egamnazarov Uktam Şorofoviçin, Dilmuradova Dilbaxor Muxtarovnanın və Şakarov Otabek İbraim oğlunun cinayət məsuliyyətinə cəlb olunması üçün verilmələrinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
U.Ş.Egamnazarov və D.M.Dilmuradova cari ilin avqustunda, O.İ.Şakarov isə sentyabrında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətindən keçərkən saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq qeyd edilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul olunub. Onlar noyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.