SİYASƏT
Azərbaycan diaspor rəhbəri Xarkov Universitetinin prorektoru təyin edilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Murad Ömərova müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələri genişləndirmək, elm, təhsil layihələrini və bu sahədə təcrübə mübadiləsini inkişaf etdirmək həvalə olunub.
1963-cü ildə Kürdəmir rayonunda doğulan Murad Ömərov 35 ildir Xarkovda yaşayır. Hazırda çalışdığı universitetin məzunu olan həmyerlimiz burada namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək elmi fəaliyyətini davam etdirib.
2005-ci ildə Belarus, Rusiya və Ukrayna tətbiqi radioelektronika akademiyalarının akademiki seçilən Murad Ömərov onlarla elmi işin müəllifidir, onun ixtiraları xalq təsərrüfatının müxtəlif sahələrində uğurla tətbiq olunur. Radioelektronika sahəsinə verdiyi böyük töhfələrə və elmin inkişafı sahəsindəki xidmətlərinə görə həmyerlimiz Ukraynanın Təhsil Nazirliyi və müxtəlif qurumları tərəfindən mükafatlarla təltif edilib. M.Ömərov 2009-cu ildən Xarkov Milli Radioelektronika Universitetində dekan vəzifəsində çalışır.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, o, diaspor sahəsində xeyli işlər görüb. Onun rəhbərlik etdiyi “Dostluq” cəmiyyəti Xarkovdakı azərbaycanlıların təşkilatlanması, milli adət-ənənələrimizin qorunub saxlanması, inkişaf etdirilməsi, eləcə də iki xalq arasında mədəni-iqtisadi əlaqələrin möhkəmlənməsi istiqamətində bır sıra layihələr həyata keçirib. M.Ömərov diaspor sahəsindəki xidmətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.