Azərbaycan Dillər Universiteti və Türkiyənin Ankara Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin Ankara Universitetinin rektoru, professor Erkan İbişi və Ankara şəhəri üzrə TÖMƏR hazırlıq kursunun direktoru, professor Mahmut Ertan Gökməni Bottanı ilə görüşmüşdür.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Səməd Seyidov III Bakı Beynəlxalq Humanitar Forumunun açılışı haqqında danışaraq öz təəssüratlarını bölüşmüşdür. O, Ankara Universitetinin dəstəyi ilə TÖMƏR imtahanlarının ADU-da təşkil olunmasını və bu proqramın ADU və Ankara Universiteti arasında əməkdaşlıq nəticəsində həyata keçirildiyini vurğulamışdır. Əlaqələrin yüksək səviyyədə olduğunu deyən rektor bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə etmişdir.
Türkiyənin Ankara Universitetinin rektoru, professor Erkan İbiş əməkdaşlığın vacib və əhəmiyyətli olduğunu söyləmişdir. Bildirmişdir ki, imzalanacaq əməkdaşlıq müqaviləsi yeni əlaqələrin yaranmasına və inkişafına təkan verəcəkdir. O, imzalanacaq müqavilənin həyata keçirilməsinin, müxtəlif proqramlar üzrə əməkdaşlığın mümkünlüyünü qeyd etmişdir.
Görüşdə əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkili, universitetlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonra S.Seyidov və E.İbiş universitetlər arasında əməkdaşlıq müqaviləsini imzalayaraq yeniləmişlər.