Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC, Elvira Məmmədova). Fevralın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törədikləri soyqırımı hadisəsindən danışmışdır. Bildirmişdir ki, Xocalı faciəsi ilə bağlı Azərbaycanda və xarici ölkələrdə müxtəlif təbliğat kampaniyaları, yığıncaqlar, aksiyalar keçirilir. Artıq dünyanın bir sıra ölkələrinin parlamentləri Xocalı soyqırımını tanımışdır.
ADİU-nun beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Təranə Şirvanova və tarix kafedrasının müdiri, professor Hidayət Cəfərov faciənin mahiyyətini açıqlamış, tarixi faktları diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, hələ XX əsrin əvvəllərində Xocalı 4 dəfə (1905,1906,1917,1918-ci illərdə) erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, lakin ayağa qalxaraq düşməndən qisasını almış, yenidən yaşamışdı. 1992-ci ilin qanlı faciəsinə qədər Xocalının 7 min əhalisi var idi. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş mesxeti türkləri də məskunlaşmışdılar.
Diqqətə çatdırılmışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir. Bu qırğın nəticəsində 613 nəfər dinc Xocalı sakini vəhşicəsinə qətlə yetirilmişdir. Onların arasında uşaqlar, qocalar və qadınlar olmuşdur. Həmin hadisələrdə 477 nəfər yaralanmış, 1.275 nəfər əsir götürülmüş və 150 nəfər itkin düşmüşdür.
Anma tədbirində faciəni əks etdirən sənədli film nümayiş olunmuşdur.