Azərbaycan Dövlət Pedaqoji Universitetində “Zəfər Günü” stendi açılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində Vətən müharibəsindəki tarixi Qələbəmizi əks etdirən “Zəfər Günü” stendinin açılışı olub.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən layihənin rəhbəri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova stend haqqında məlumat verib.
Universitetin rektoru professor Cəfər Cəfərov nümunəvi addıma görə təşəkkürünü bildirib, Zəfər tariximizin təbliğində belə layihələrin vacibliyini vurğulayıb.
Tədbirdə tələbələrin ifasında Qələbəyə həsr olunmuş şeirlər, həmçinin şəhid Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı səsləndirilib.
Qeyd edək ki, “Zəfər Günü” stendinə işğaldan azad edilmiş rayonların xəritəsi, tarixi abidələri, işğal və Qələbə günlərini əks etdirən tarixlər, Anım və Zəfər günləri haqqında təsvirlər əksini tapıb. Stenddə Mahirə Nağıqızının “Salam, Qarabağım!” şeiri də əks olunub.