AZƏRBAYCAN DÖVLƏT RAYON ELEKTRİK STANSİYASININ YENİDƏN QURULMASI LAYİHƏSİ MÜZAKİRƏ EDİLMİŞDİR
Nazir Heydər Babayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar, qazanılmış uğurlar barədə qonağa məlumat vermiş, ötən il ümumi daxili məhsulun 26,4 faiz artdığını diqqətə çatdırmış, inkişaf tempinə görə respublikamızın nəinki MDB məkanında, eləcə də dünya ölkələri arasında öncül yerlərdən birini tutduğunu vurğulamışdır. Qeyd etmişdir ki, yatırılan sərmayələrin adambaşına düşən həcminə görə Azərbaycan MDB və Şərqi Avropa dövlətləri arasında ilk yerlərdən birini tutur. Təkcə 2005-ci ildə iqtisadiyyata bütün mənbələr hesabına 6,3 milyard AZN sərmayə yatırılmış, investisiya qoyuluşu əvvəlki ilə nisbətən 12,7 faiz artmışdır. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) 2005-ci ildə dərc etdirdiyi hesabatda bildirilir ki, sərmayə cəlbediciliyinə görə Azərbaycan dünyada birinci yeri tutur. Bütün bunlar ölkənin xarici sərmayədarlara açıq olduğuna əyani sübutdur.
Ölkəmizdə beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla əməkdaşlığa yüksək önəm verildiyini qeyd edən nazir H.Babayev, AYİB ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirmiş və bankın ölkəmizdə həyata keçirilən layihələrdə bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir.
AYİB enerji-kommunal xidmətləri departamentinin direktoru Antoni Marş səmimi qəbul üçün minnətdarlıq etmiş və Azərbaycanda aparılan iqtisadi islahatları izlədiyini və onların gedişindən məmnun qaldığını söyləmişdir. Ölkəmizin son illər iqtisadi inkişaf sahəsində qazandığı uğurları vurğulayan A.Marş, təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.
Görüşdə Azərbaycan Dövlər Rayon Elektrik Stansiyasının yenidən qurulması layihəsi ətrafında geniş müzakirələr aparılmışdır. Bildirilmişdir ki, bu layihənin həyata keçirilməsi ölkəmizin enerji təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır. Layihənin ümumi dəyəri 150 milyon ABŞ dollarıdır.
AYİB tərəfindən layihənin reallaşması üzrə Şərtlər Toplusu Azərbaycan Hökumətinə təqdim edilmişdir.
Görüşdə, həmçinin AYİB prezidenti Jan Lemyerin ölkəmizə səfərinin proqramı da müzakirə edilmiş və Azərbaycan tərəfinin proqramla bağlı təkliflərinin nəzərə alınacağı bildirilmişdir.