Azərbaycan ərazisində görünən Qafqaz bəbirinin öz arealında balalaması gözlənilir
Bakı, 2 may (AZƏRTAC). Həsən Əliyev adına Zəngəzur Milli Parkında Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinqlər zamanı fevral-mart aylarında fototələlər vasitəsilə bəbirin daha bir dişi fərdinin üç fotoşəkili çəkilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fotolar üzərində aparılan analiz fərdin üzərindəki xalların individual və şəkillərin eyni bir fərdə aid olduğunu göstərir, yetkin dişi bəbirin davranışında territorial rezidentlik müşahidə olunur. Bu isə o deməkdir ki, bu cür fərdlərin Azərbaycan ərazisində onlara uyğun mühitdə yaşayıb artmasına, populyasiyasına şərait yaranmışdır. Eyni zamanda, bu hadisə ümid etməyə imkan verir ki, Azərbaycanda, o cümlədən Zəngəzur Milli Parkında bu nadir növün populyasiyası və artım tendensiyası başlayacaq və yaxın zamanlarda bəbirin balaları ilə birgə fotolarını görmək də mümkün olacaqdır.
Bu fakt son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin və heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına dəlalət edir və nəticə etibarilə iridırnaqlı heyvanların sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.
Xatırladaq ki, 2012-ci ilin sentyabrın 6-da Zəngəzur Milli Parkının cənub hissəsində WWF Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı parkın ərazisində quraşdırılmış fototələlər vasitəsilə bəbirin yetkin fərdinin ilk fotoşəkili çəkilmişdi.
Zəngəzur Milli Parkının və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları WWF-in Azərbaycan nümayəndəliyinin texniki və metodiki dəstəyi ilə ötən payız və qış aylarında bəbirlərin, onların qida obyektləri və rəqiblərinin monitorinqini aparmış, Azərbaycanın “Qırmızı kitab”ına daxil olmuş bir çox nadir heyvan növünün yüzlərlə fotoşəkilini çəkmişlər. Bu növlərin içərisində vaşaq, çöl pişiyi, bezoar keçi, muflon, Xəzər uları kimi nadir növlərlə yanaşı, tirəndaz, daşlıqdələsi, porsuq, qaban, canavar, tülkü və s. təhlükədə olmayan növlər də qeydə alınmış və keyfiyyətli fotolar əldə olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına daxil edilmiş təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarının qorunub saxlanılması məqsədilə onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli Parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2000-ci ildən Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkə faunasının ən nadir növlərindən biri olan Qafqaz bəbirinin mühafizəsi istiqamətində iş aparır. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsinə dair Milli Fəaliyyət Planı təsdiqlənmişdir.