İQTİSADİYYAT
AZƏRBAYCAN GƏNCLƏRİ BEYNƏLXALQ İCTİMAİYYƏTİ ERMƏNİ VƏHŞİLİKLƏRİNƏ BİGANƏ QALMAMAĞA ÇAĞIRIR
Martın 30-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə bildirilmişdir ki, müraciətdə ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti barədə faktlar əksini tapmışdır. Sənəddə erməni-bolşevik birləşmələrinin 1918-ci ilin martında başladığı soyqırımı aktının həmin ilin sentyabrınadək Azərbaycanın müxtəlif yerlərində - Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Salyanda, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, eləcə də Cənubi Azərbaycanın Urmiya, Marağa, Səlmas şəhərlərində davam etdirildiyi, on minlərlə soydaşımızın vəhşicəsinə qətlə yetirildiyi göstərilmişdir.
Gənclər Təşkilatları Milli Şurası gənclərimizi tarixi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmağa, beynəlxalq təşkilatları isə ermənilərin tarix boyu türk xalqlarına, o cümlədən azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə biganə qalmamağa çağırır.
Müraciət beynəlxalq təşkilatlara göndəriləcək, habelə apreldə Avropa Gənclər Forumunun İtaliyada keçiriləcək toplantısında rəsmən təqdim ediləcəkdir.