SİYASƏT
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı qoşunların təmas xəttindəki son hadisələrlə bağlı etiraz bəyanatı yayıb
Bakı, 5 avqust (AZƏRTAC). Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və qərb demokratik dəyərlərinin əsas təbliğatçılarından biri kimi fəaliyyət göstərir. Əsas missiyası qərb vətəndaş cəmiyyəti modelinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır.
AGAT-dan AZƏRTAC-a bildiriblər ki, Dağlıq Qarabağ bölgəsini və ona bitişik rayonları işğal altında saxlayan Ermənistan Respublikası öz silahlı qüvvələri vasitəsilə Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə baxmayaraq son günlər Azərbaycan-Ermənistan dövlət sərhədini və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın edərək əsgərlərimizi şəhid edib.
Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına səbəb olub. Ermənistan silahlı qüvvələrinin işğal altında olan Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi dörd qətnamənin lazımsız bir sənədə çevrilməsi, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq Ermənistanın işğalçı və terrorçu bir dövlət kimi tanınmasında maraq göstərməməsi cəzasızlıqdan azğınlaşmış bu dövlətin növbəti təcavüz və terror aktı həyata keçirməsinə böyük zəmin yaradıb. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, bir milyondan çox insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Bütün bunlara baxmayaraq Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər.
Bəyanatda deyilir ki, AGAT bir daha beynəlxalq təşkilat və qüvvələrdən iyirmi faiz ərazisi işğala məruz qalan Azərbaycana münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edir. Biz müharibədən əziyyət çəkən, hər an bu təhlükəni yaşayan Azərbaycan gəncliyi olaraq beynəlxalq gənclər ictimaiyyətinə, əlaqədar siyasi qurumlara müraciət edərək Ermənistanın ölkəmizə qarşı bu işğalçılıq siyasətinin dayandırılmasına, erməni hərbi qüvvələrinin respublikamızın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik ərazilərimizdən çıxarılmasına və Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinin bərpasına çağırışlar etməsini, ədalətli mövqe göstərməsini Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı olaraq tələb edirik.