AZƏRBAYCAN GƏNCLƏRİNİN NÖVBƏTİ GÖRÜŞ YERİ QƏBƏLƏDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Qəbələ Rayon İcra Hakimiyyətinin və YUNİSEF-in birgə təşkilatçılığı ilə Qəbələdəki “Duyma” istirahət və sağlamlıq mərkəzində “Gənclər sağlam həyat tərzi uğrunda devizi ilə” tələbələrin yay məktəbi günləri keçirilir.
Yay məktəbinin açılış mərasimində çıxış edən Milli Məclisin deputatları Fəttah Heydərov və Əkrəm Abdullayev ölkə Prezidenti İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, onun sərəncamı ilə 2007-ci ilin “Gənclər İli” elan edilməsinin əhəmiyyətindən, dövlətçiliyin qorunmasında gənclərin xüsusi rolundan, onların problemlərinin həlli istiqamətində görülən işlərdən, eləcə də ARGTMŞ-in fəaliyyətindən danışmışlar.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer gənclər arasında aparılan geniş maarifləndirmə işini və onun səmərəliliyini yüksək qiymətləndirmişdir.
Qonaqlar gənclərlə səmimi müzakirələr aparmış, onları maraqlandıran sualları cavablandırmışlar.
Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov və ARGTMŞ-in sədri, Milli Məclisin deputatı Fuad Muradov da iştirak etmişlər.
Paytaxtdan kənarda fəaliyyət göstərən 20 ali təhsil müəssisəsindən 60 nəfər gəncin iştirak etdiyi yay məktəbi günləri iyulun 22-dək davam edəcəkdir. Tələbələrin yay məktəbi günləri Qəbələ rayonunun Vəndam kəndinin şimalında, Vəndam çayının sahilində, dağ, çay və meşə landşaftlarını özündə birləşdirən təbii şəlaləyə, gölə, müalicəvi əhəmiyyətli suya malik bir ərazidə keçirilir. Başqa sözlə, yay məktəbi üçün əlverişli bir yerdə - “Duyma” istirahət-sağlamlıq mərkəzində Azərbaycan gəncliyi öz problemlərini müzakirə edir və gələcək fəaliyyət üçün hazırlaşır. Burada gənclər maariflənir, maraqlı mədəni, əyləncəli və idman tədbirlərindən yararlanırlar. Yay məktəbinin nəticəsi olaraq gənclərin yeni şəbəkəsi təsis ediləcək, burada əldə olunmuş bilik və bacarıqlar digər gənclərə də ötürüləcəkdir.