İDMAN
Azərbaycan gimnastı: Olimpiya Oyunları karyeramın zirvəsi olacaq

Bakı, 10 iyul, AZƏRTAC
“Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq yüksək səviyyədə davam edir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib.
O, Fransada keçiriləcək mötəbər turnirin karyerasının ən vacib və əhəmiyyətli yarışı olacağını bildirib: “Bu səbəbdən hazırlıqlarımız çox ciddi və planlı şəkildə gedir. Fiziki məşqlər etmişik. Fikrimcə, bu cür yarış psixoloji dözümlülük də tələb edir. Stresə qalib gələn idmançı uğurlu nəticə qazanır. Mənim də məqsədin Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir”.
Gənc gimnast yarışın yalnız özü üçün önəmli olmadığını söyləyib: “Olimpiya Oyunları məşqçim üçün də vacibdir. Karyeramız ərzində bu turnirdə iştirak etməyi gözləmişik. “Paris-2024”ə lisenziya qazanmaq üçün çox əziyyət çəkdik. İndi məqsədimiz yarışda layiqli çıxış etmək və təsnifat mərhələsində ilk “səkkizliy”ə düşməkdir. Bunu bacarsaq, medalçılar arasında olmaq üçün əlimizdən gələni edəcəyik. Bu məqsədlə məşqlərə davam edirik. Çünki Olimpiya Oyunları mənim üçün yalnız bir yarış deyil, həm də karyeramın zirvəsi və uzun illər ərzində çəkdiyim əziyyətin mükafatıdır. İnanıram ki, Olimpiadada göstərdiyimiz performansla həm özümüzü, həm də ölkəmizi qürurlandıracağıq”.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.