AZƏRBAYCAN GİMNASTLARI BUDAPEŞTDƏ VƏ BAKIDA UĞURLA ÇIXIŞ ETMİŞLƏR
Macarıstanda keçirilmiş turnirdə Zeynəb Cavadlının 4 medal qazanması və yeniyetmə gimnast Səidə Abdullayevanın uğurlu çıxışı, Azərbaycanın qrup hərəkətləri komandasının və Anna Qurbanovanın Fransada Qran-pri turnirinin final yarışlarında iştirakı, habelə Balakən gimnastlarının və Dəvəçi akrobatlarının ölkə birinciliyində mükafatalayiq yerlər tutması ötən günlərin idman icmalında ən maraqlı hadisələr olmuşdur.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Budapeşt turnirinin mükafatlandırma mərasimində Azərbaycanın bayrağı 5 dəfə qaldırılmışdır. Zeynəb Cavadlı halqa və lentlə hərəkətlərdə, çoxnövçülükdə yalnız macar idmançısı Dora Vassdan geri qalaraq, gümüş medallara layiq görülmüş, gürzlə hərəkətlərdə isə 3-cü yeri tutmuşdur.
Daha təcrübəli komanda yoldaşının liderlik əhval-ruhiyyəsi beynəlxalq yarışda ilk dəfə çıxış edən yeniyetmə idmançımız Səidə Abdullayevaya da sirayət etmişdir. O, iplə hərəkətlərdə bürünc medal qazanmışdır.
Azərbaycanın digər yeniyetmə idmançısı Samirə Mustafayeva isə Fransada keçirilmiş beynəlxalq turnirdə iştirak etmişdir. O, çoxnövçülük yarışlarının nəticələrinə görə 17 iştirakçı arasında 5-ci yeri tutmuşdur.
Həmin turnirlə eyni vaxtda Fransada Qran-pri yarışlarının ikinci mərhələsi də keçirilmişdir. Azərbaycan təmsilçiləri arasında ən yüksək nəticəni iki çıxışa görə ümumən 30.884 bal toplamış, ənənəvi güclü sayılan İspaniya və Yunanıstan komandalarını geridə qoyaraq 4-cü yerə çıxmış qrup hərəkətləri komandası göstərmişdir. Komanda ayrı-ayrı finallarda iki dəfə beşinci yeri tutmuşdur. Anna Qurbanova dörd çıxışdan sonra 24 iştirakçı arasında 6-cı, finallarda isə iki dəfə beşinci, iki dəfə 6-cı nəticə göstərmişdir.
Azərbaycanın dörd idman gimnastı Belarus və Rusiyaya təlim-məşq toplanışlarına yola düşmüşdür: Avropa çempionatına hazırlaşan Şakir Şıxəliyev Minskdə, Fərid Ağazadə, Murad Tatlıyev və Mirvaqif Bağırov isə Sankt-Peterburqda məşq edirlər. Bu arada Bakıda keçirilmiş idman gimnastikası üzrə ölkə birinciliyi Balakən idmançılarının iştirakı ilə yadda qalmışdır. Onların ölkə birinciliyində ilk çıxışları uğurlu olmuşdur. Mehdi Musayev, Zaur Şeşdərov, İlyas Gəncəyev, habelə Günay Məmmədli, Diana Mehdiyeva və Aynur Gəncəyeva öz yaş qruplarında mükafatçı olmuşlar. İdman ustaları arasında qələbəni isə Mərkəzi Ordu İdman Klubunun təmsilçisi Elvin Ağadadayev bayram etmişdir.
Akrobatik gimnastika üzrə Azərbaycan birinciliyində də bölgə idmançıları fərqlənmişlər. Dəvəçinin Səddam Ömərov, Ağabala Ağayev, Azər Abbasov və Süleyman Həmidovdan ibarət kişi komandası birinci dərəcədə qalib olmuşdur. İdman ustaları arasında ən yaxşı nəticəni Bakı idman məktəbinin təımsilçiləri Afaq Məhərrəmova-Pərizad Quliyevadan ibarət qadın cütlüyü və Faiq Sultanov-Tamara Babakişiyevadan ibarət qarışıq cütlük göstərmişlər.