İDMAN
Azərbaycan güləşçiləri Fransa komandası ilə dostluq görüşü keçirəcəklər
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 4-də Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü keçiriləcək.
Dostluq görüşü cari ilin may ayında Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının prezidenti Alain Bertolom ilə Parisdə keçirilən görüşü zamanı razılaşdırılıb.
Dostluq görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək Avropa Oyunları üçün test xarakteri daşıyır. Hər üç növdə güləşçilərin iştirak edəcəyi dostluq görüşü iki ölkənin güləş federasiyalarının, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı dostluq görüşündə 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.
Sərbəst güləş yarışlarında Zoheir el Ouarraqe Mahmud Məhəmmədov (57 kq) ilə, Luca Lampis Cəbrayıl Həsənov (74 kq) ilə, Axmed Aybuyev-Həmzət Osmanov (86 kq) ilə qarşılaşacaq.
Qadın güləşində Julie Sabatie-Patimat Baqomedova (48 kq), Tatiana Debien-Mariya Stadnik (53 kq), Aurelie Basset-Alyona Kolesnik (55 kq), Margot Riviere-Nataliya Snişin (58 kq) görüşləri keçiriləcək.
Yunan-Roma güləşində isə Leo Tudezca Rövşən Bayramov (59 kq) ilə, Stefan Clement Həsən Əliyev (66 kq) ilə, Melonin Noumonvi İslam Abbasov (85 kq) ilə qarşılaşacaq.