İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Nyu-Yorka ilk birbaşa uçuşu uğurla həyata keçirilib VİDEO
“Azərbaycan Hava Yolları”nın İngiltərə və ABŞ-dakı nümayəndəliyinin rəhbəri Kamran Qacar bu uçuşu tarixi hadisə adlandıraraq dedi ki, Bakı-Nyu-York-Bakı reysinin açılması müasir Azərbaycanın dinamik inkişafının göstəricisidir. Bu aviareys Tbilisi, Tehran, Astana, Atırau, Almatı şəhərlərinə uçan sərnişinlər üçün də əlverişli imkan yaradır.
Hava gəmisinin komandiri Elnur Abdullayev bildirdi ki, təyyarə 12 saata yaxın birbaşa uçuş ərzində Rusiya, İsveç, Norvec, İslandiya, Qrenlandiya adası və Atlantik okeanının üzərindən keçib. Amerika qitəsinə ilk səfərin müvəffəqiyyətlə yerinə yetirildiyini qeyd edən E.Abdullayev gələcəkdə “Azərbaycan Hava Yolları”nın uçuş coğrafiyasının daha da genişlənəcəyinə əminliyini bildirdi.
Təyyarənin ilk sərnişinlərindən olan Fuad Kərimov bu aviareysin ABŞ-dakı Azərbaycan icması üçün gözəl imkan olduğunu qeyd etdi. O, “Azərbaycan Hava Yolları”nın Nyu-Yorka birbaşa uçuşlar həyata keçirməsinin strateji əhəmiyyət daşıdığını vurğulayaraq dedi ki, ABŞ-dan Avrasiyanın müxtəlif ölkələrinə səfər edən insanlar Bakıdan tranzit qovşaq kimi istifadə edə biləcəklər. Bu da ölkəmizin imicinin yüksəlməsinə müsbət təsir göstərəcək.
Bakıdan Nyu-Yorka ilk birbaşa və müntəzəm uçuşa həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton