Azərbaycan həqiqətlərinin yayılmasında türk dünyası mediasının və QHT-lərinin rolu
Bakı, 27 dekabr, AZƏRTAC
Türkiyə media nümayəndələrinin iştirakı ilə Bakıda “Azərbaycan həqiqətlərinin yayılmasında türk dünyası kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda tədbir keçirilib.
Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində keçirilən tədbirdə qardaş ölkələrimizin aktual məsələlərinin qarşılıqlı olaraq mediada işıqlandırılması, xüsusilə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ağır nəticələri kimi məsələlər müzakirə edilib.
Konfransda Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov ümummilli lider Heydər Əliyevin türk dünyası ilə bağlı tarixi fikirlərini diqqətə çatdırıb, parlamentlərarası münasibətlər və media mənsublarının əlaqələrindən danışıb.
Q.Paşayeva isə çıxışında tariximiz, mədəniyyətimiz, Azərbaycan-Türkiyə münasibətləri, Ermənistanın işğalçılıq siyasətinin nəticələri, Xocalı soyqırımı barədə söhbət açıb. O, ortaq problemlərimizin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri və QHT-ləri arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
GAP Qəzetçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz və Türkiyə mediasının digər təmsilçiləri Azərbaycan həqiqətləri ilə bağlı məlumatların daha geniş yayılması istiqamətində səylərini artıracaqlarını söyləyib, bu səfərin onlar üçün təcrübə baxımından önəm daşıdığını bildiriblər.
Tədbirdə qondarma “erməni soyqırımı” iddiasının “100 illiyi”nin yaxınlaşdığı zaman kəsiyində erməni diaspor təşkilatlarının təbliğatına qarşı əks-təbliğatın aparılması, həqiqətlərin dolğun şəkildə yayılması üçün birgə fəaliyyətin əlaqələndirilməsinin zəruriliyi vurğulanıb.