AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ KANADA HÖKUMƏTİ ARASINDA VERGİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANMIŞDIR
Fazil Məmmədov ikitərəfli iqtisadi münasibətlərin inkişafında sazişin rolundan danışaraq bildirdi ki, bu sənəd Azərbaycanın və Kanadanın işgüzar adamları arasında əlaqələrin daha fəal inkişafına xidmət edəcək, ölkəmizə yeni sərmayələrə yol açacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verir. Ölkə başçısının bu sahədə strategiyası Azərbaycan neftinin satışından əldə edilən vəsaiti iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltməkdən ibarətdir. Bu yaxınlarda ölkə Prezidenti Kanadada Azərbaycan səfirinin təyin olunması haqqında Sərəncam imzalamışdır ki, bu da Kanada ilə daha sıx münasibətlərin inkişafına maraq göstərildiyinə sübutdur.
Fazil Məmmədov dedi ki, Kanadanın Azərbaycanda 14 firması fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi bir milyon dollardan artıq olmuş, bu ilin ötən dövründə isə 2 milyon dolları keçmişdir.
Martial Paje Kanada-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı üçün bu sənədin əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, Kanada biznesmenləri ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar və bu sənəd onların Azərbaycanda mənafelərini qoruyacaqdır. Kanada ən çox neft məhsulları idxal edən ölkələrdən biridir, odur ki, digər sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycanla əməkdaşlığın böyük əhəmiyyəti var.