AZƏRBAYCAN İDMANÇILARI BEYNƏLXALQ TURNİRLƏRDƏ UĞURLA ÇIXIŞ ETMİŞLƏR
Akrobat cütlüyü Ayla Əhmədova və Dilarə Sultanovanın uğurlu çıxışları, gənc Mixail Malkinin Krasnodarda beynəlxalq turnirdə 3-cü yer tutması, habelə bədii gimnastımız Aliyə Qarayevanın Lyublyanada keçirilən yarışlardan gümüş və bürünc medallarla qayıtması ötən həftənin sonunda gimnastika sahəsində diqqətəlayiq hadisələrdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanın akrobatlar cütlüyü beynəlxalq meydançalarda uğurlu çıxışlarını davam etdirir. Ayla Əhmədova-Dilarə Sultanova cütlüyü son yarışda birinci yeri tutmuşlar ki, bu da dünya çempionatı ərəfəsində yaxşı göstəricidir.
12 yaşlı akrobat Mixail Malkin ölkə yığmasının üzvü kimi ilk dəfə Rusiyanın cənubunda keçirilən yarışlarlarda iştirak etmişdir. Mürəkkəb hərəkətləri uğurla yerinə yetirən idmançımız finala çıxmış və qarışıq kombinasiyada 3-cü nəticə göstərərək bürünc medala layiq görülmüşdür.
Onun komanda yoldaşları Səid Səlimov və Hafiz Rzayev yaşlı idmançılar arasında müvafiq olaraq 7-ci və 9-cu yerləri tutmuşlar.
Azərbaycanın 2008-ci ildə bədii gimnastika üzrə mütləq çempionu Aliyə Qarayeva Sloveniyada keçirilən yarışlarda 5 medal qazanmışdır. Halqa, gürz və lent ilə hərəkətlərdən ibarət çoxnövçülükdə o, rusiyalı Yevgeniya Kanayeva və belarus Lyubov Çerkaşinadan sonra 3-cü olmuşdur.
İplə hərəkətlərdə Aliyə 2-ci yeri tutmuş, qələbə üçün onun cəmi 0,7 balı çatmamışdır.
Gimnastın məşqçisi Marina Qovorova Aliyənin çox yaxşı çıxış etdiyini demişdir.
Qarayevanın uğurlu çıxışı onun “Dünya dərəcəli gimnast” adına layiq görülməsi ilə bir vaxta düşmüşdür. “Neftçı” klubunun nümayəndəsi Beynəlxalq Gimnastika Federasiyasının xüsusi siyahısına daxil edilmiş və buna görə də FIG nişanı ilə təltif olunmuşdur. Bu barədə sənədi təşkilatın baş katibi Andre Qaysbuxler imzalamışdır. Sənəddə Zeynəb Cavadlının da bu ada layiq görüldüyü bildirilir. Beləliklə, indi Azərbaycanın 4 gimnastı FIG siyahısına daxildir. Daha əvvəl Dinara Gimatova və Anna Qurbanovanın adları bu siyahıya salınmışdı.