Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin öyrənilməsi yolları müzakirə edilib
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ərəb dilini birlikdə öyrənək” mövzusunda təlim keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov institutda tələbələrin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə təlim, görüş və konfransların keçirildiyini qeyd edib. Aİİ-də tələbələrin dil biliklərinə yiyələnmələrinə xüsusi önəm verildiyini bildirən İ.Əlimuradov bu məqsədlə bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Azərbaycan Dillər Universitetinin baş müəllimi Ülviyyə Hüseynova qeyd edib ki, beynəlxalq sənədlərin qeydə alındığı rəsmi dil kimi ərəb dili BMT dillərinə əlavə olunduqdan sonra onun öyrənilməsinə tələbat artıb. O bildirib ki, qədim əlyazmaların araşdırılması, İslam dininin tədqiqi baxımından ərəbdilli mütəxəssislərə ehtiyac vardır. Ərəb dilinin tədrisi və öyrənilməsi baxımından bir sıra məsələlərə toxunan Ü.Hüseynova vurğulayıb ki, bu dilə mükəmməl yiyələnmək üçün ətrafımızda buna uyğun mühit yaradılmalıdır. O bildirib ki, dili müasir dövrün tələblərinə uyğunlaşdırmaq vacibdir.
Təlim zamanı ərəb tələbələr Azərbaycan dilini necə öyrəndikləri barədə gəncləri məlumatlandırıblar.