AZƏRBAYCAN İLƏ GÜRCÜSTANIN BÜTÜN SAHƏLƏRDƏ ƏLAQƏLƏRİNİN İNKİŞAFI HƏR İKİ ÖLKƏNİN MƏNAFEYİNƏ UYĞUNDUR
Nazir Elmar Məmmədyarov Gürcüstan Prezidentinin Azərbaycana səfərindən sonra ilk dəfə olaraq xarici işlər naziri qismində xanım Salome Zurabişvilinin respublikamıza gəlişini iki ölkə arasında əlaqələrin inkişafının davamı kimi qiymətləndirmişdir. Nazir Azərbaycanla Gürcüstan arasında mövcud iqtisadi, ticari, siyasi və müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin hər iki ölkə üçün vacib olduğunu vurğulamışdır.
Gürcüstanın xarici işlər naziri xanım Salome Zurabişvili səmimi qəbula görə minnətdarlığını ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra yüksələn xətlə inkişafına tərəfdar olduğunu bildirmişdir. İki dövlət arasındakı iqtisadi-ticari məsələlərə toxunan xanım Salome Zurabişvili bu sahədə əlaqələrin daha dinamik xarakter almasında ölkəsinin maraqlı olduğunu qeyd etmişdir. Bu ilin iyul ayında NATO-nun İstanbulda keçiriləcək sammitində iştirakla bağlı, həmçinin ölkəsinin Asiya Beynəlxalq Bankına üzvlüyü məsələsini önə çəkən xanım Zurabişvili qarşılıqlı fəaliyyətin vacibliyini xüsusi qeyd etmişdir.
Ölkələrimiz arasında əmtəə mübadiləsinin, ticarət dövriyyəsinin artım dinamikasını məmnuniyyətlə qeyd edən nazir Elmar Məmmədyarov, yük dövriyyəsinin artırılması məqsədi ilə Böyük İpək yolunda tariflərin qarşılıqlı surətdə azaldılması, infrastrukturun təkmilləşdirilməsi məsələsinin hər iki ölkənin, həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların da rifahına müsbət təsir göstərəcəyini xüsusi vurğulamışdır. Nazir, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin binası məsələsinə baxılmasında Gürcüstan tərəfinin kömək göstərəcəyinə inamını ifadə etmişdir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa gəlincə, nazir GUÖAM-ın Xarici İşlər Nazirləri Şurasının bu il may ayının 17-də Tbilisidə keçiriləcək növbəti iclasında gürcüstanlı həmkarı ilə yenidən görüşəcəyini məmnunluq hissi ilə qeyd etmişdir. Regional münaqişələrin regional əməkdaşlığa müəyyən qədər mənfi təsir göstərdiyini qeyd edən nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq birliyin birgə səyləri əsasında həll olunmasının vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.