AZƏRBAYCAN İLƏ NİDERLAND ARASINDA ƏLAQƏLƏRİN YÜKSƏK İNKİŞAF PERSPEKTİVLƏRİ VARDIR
Nazir Elmar Məmmədyarov Azərbaycanla Niderland arasında əlaqələrin genişlənməsinin vacibliyini qeyd edərək, səfir Harri Molenarla ilk görüşündən məmnunluğunu ifadə etmişdir.
Səfir Harri Molenar qəbula görə təşəkkürünü bildirərək, görüşlərin gələcəkdə daha intensiv xarakter almasının tərəfdarı olduğunu qeyd etmişdir. İkitərəfli əlaqələrin başlıca prinsiplərindən danışan səfir ölkələrimiz arasında təyyarə xətlərinin bərpası məsələsinə toxunmuş, Azərbaycanın böyük regionlara uçuşları təşkil etmək üçün mərkəz rolunu oynaya biləcəyini xüsusi vurğulamışdır. İqtisadi əlaqələrin gələcək inkişafından söhbət açan səfir, ölkələrimiz arasında qeyri-neft sektoru, o cümlədən ətraf mühitin qorunması sahəsində də əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduğunu bildirmişdir. Avropa Birliyinin Cənubi Qafqaza olan marağını önə çəkən səfir Harri Molenar cari ilin iyul ayında ölkəsinin bu beynəlxalq quruma sədrlik edəcəyini vurğulamışdır. Avropa Birliyinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində səylərindən söhbət açan səfir, ölkəsinin quruma sədrliyi dövründə respublikamızla əlaqələrin daha da möhkəmlənməsinin vacibliyini bildirmişdir.
Daha sonra nazir Elmar Məmmədyarov ölkəmizin Avropa təsisatlarına uğurla inteqrasiya olunduğunu nəzərə çarpdıraraq, son illər müxtəlif sahələrdə aparılan iqtisadi islahatların daha da yüksək səmərə verməsi üçün, Niderland sərmayədarlarının da qeyri–neft sektoruna cəlb edilməsinin vacibliyini diqqətə çatdırmışdır. Cənubi Qafqazda mövcud münaqişələrə toxunan nazir, region ölkələrinin Qərbə inteqrasiyasının sürətləndirilməsi üçün bu münaqişələrin ədalətli prinsiplər əsasında həllinin vacibliyini qeyd edərək, Avropa Birliyinin Cənubi Qafqazda böyük rol oynadığını əminliklə vurğulamışdır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə vurulan ziyanın milyardlarla ABŞ dolları məbləğində olduğunu deyən nazir, Avropa Birliyinin gələcəkdə bu məsələlərdə Azərbaycana yardım göstərəcəyinə ümidvar olduğunu bildirmişdir.
Daha sonra nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə səfirə ətraflı məlumat vermişdir. Görüş zamanı xarici siyasət idarəsinin başçısı ölkəmizdə Niderland səfirliyinin açılması məsələsi ilə də maraqlanmışdır.
Səfir Harri Molenar bir sıra maliyyə problemi aradan qaldırıldıqdan sonra məsələnin müsbət həll olunacağına ümid etdiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.