Azərbaycan ilə Özbəkistan zamanın sınağından keçmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələrə malikdir
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Özbəkistan zamanın sınağından keçmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələrə malikdir. Zəngin tarixi keçmişi olan xalqlarımızı milli adət-ənənələr, mədəniyyət, din, dil və ədəbiyyatın oxşarlığı birləşdirir ki, bunlar da dövlətlərin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmasını şərtləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Özbəkistan Prezidenti yanında fəaliyyət göstərən Regionlararası Strateji Araşdırmalar İnstitutunun elmi işçisi İrodə İmamovanın məqaləsində yer alıb.
Özbəkistanın UZA Milli informasiya agentliyində dərc olunan materialda nəzərə çatdırılır ki, Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və Prezident İlham Əliyev ilə danışıqları qarşılıqlı əlaqələrin inkişafı üçün olduqca əhəmiyyətlidir. Humanitar və mədəniyyət sahəsində əlaqələrin inkişafı prezidentlərin görüşü zamanı müzakirə olunan əsas məsələlərdən biri olmuşdu.
Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin Prezident İlham Əliyev ilə birlikdə təntənəli açılışı isə xüsusilə diqqətəlayiqdir və Özbəkistan ilə Azərbaycan xalqlarının dostluq və qardaşlıq simvoludur.
Mədəniyyətlərə, adətlərə qarşılıqlı hörmət və mentalitetlərin mahiyyətinin öyrənilməsi münasibətlərin daha da yaxınlaşması və inkişafında mühüm rol oynayır. Avqustda Bakıda Özbəkistan mədəniyyəti günlərinin keçirilməsi və tanınmış özbək yazıçısı Abdulla Qədrinin “Ötən günlər” romanının Azərbaycan dilinə tərcümə edilərək təqdimat mərasiminin keçirilməsi buna bariz nümunədir. Qarşılıqlı olaraq mədəniyyət, kino, ədəbiyyat günlərinin keçirilməsi xalqların yaxınlaşmasını təmin edəcək.
Cari ildə Azərbaycan-Özbəkistan gənclərinin forumunun keçirilməsinə hazırlıq işləri həyata keçirilir. Şübhəsiz ki, bu forum intellektli gənclərin bir araya gəlməsinə, birgə elmi proqramlarda fəaliyyət göstərmələri üçün imkan yaradacaq və dostluq əlaqələrini gələcəkdə davam etməsinin əsasını qoyacaq.
Prezidentin səfəri zamanı mədəniyyət sahəsində əməkdaşlıq haqqında dövlətlər arasında sənəd imzalandı ki, bu da kino, teatr, muzey, qalereya və mədəniyyət sahəsini əhatə edən başqa qurumların birgə festivallar, kino və teatr gecəsinin keçirilməsi üçün şərait yaradıb.
Regionlararası əlaqələrin genişlənməsi də qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafına təkan verir. Buxaranın Lənkəran ilə, Hivənin Şuşa, Kokandın Şəki, Səmərqəndin Gəncə ilə qardaşlaşması regionlararası iqtisadi, mədəni, sosial, turizm əlaqələrin genişlənməsinə dəstək olacaq. Xalqların bir-birini tanımasında turizmin rolu danılmazdır. Ötən il Azərbaycandan Özbəkistana səfər edənlərin sayı 10,4 min nəfərə, Özbəkistandan Azərbaycana səfər edənlərin sayı isə 25,9 nəfərə çatıb. Qeyd etmək lazımdır ki, 1997-ci ildə dövlətlər arasında imzalanan sənədə əsasən iki ölkə arasında vizasız gediş-gəliş rejimi mövcuddur. Eyni zamanda, Daşkənd-Bakı aviareysləri həftədə 4 dəfədən 9 dəfəyədək artırılıb ki, bu da turist səfərləri üçün əlverişli imkan yaradıb. Hər iki dövlətin tarixi “İpək yolu”nun üzərində yerləşməsi nəqliyyat və tranzit sahəsində də praqmatik əməkdaşlıq mühiti yaradır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanması və aparılan danışıqların mahiyyəti onu deməyə əsas verir ki, hər iki dövlətin dostluq, qardaşlıq əlaqələri uzaq perspektivdə də davam edəcək.