AZƏRBAYCAN İLƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA İMZALANACAQ BİR SIRA SƏNƏDLƏRİN LAYİHƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Görüşdə səfir ölkəmizdə həyata keçirilən sosial, siyasi və iqtisadi islahatlar barədə nazir müavininə məlumat vermiş, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun krallığa gözlənilən səfərinə hazırlıqla bağlı müzakirələr aparmışdır. Səfir ölkələrimiz arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” layihəsinin tam hazır olduğunu diqqətə çatdırmış və bu sənədin Azərbaycanın xarici işlər nazirinin krallığa səfəri zamanı imzalanmasını təklif etmişdir.
Nazir müavini Y.Səudun saziş layihəsinə krallığın Nazirlər Şurasında baxıldığını söyləmiş və Şuranın qəbul edəcəyi qərar barədə Azərbaycan tərəfinə qısa zamanda məlumat veriləcəyini vurğulamışdır.
Səfir Elman Araslı ölkələrimiz arasında “İkiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş” və “Turizm sahəsində əməkdaşlıq haqqında Saziş” layihələrinə dair ekspertlər səviyyəsində danışıqlar aparılmasını məqsədəuyğun hesab edərək, Səudiyyə Ərəbistanı Krallığı tərəfindən hər iki məsələyə dair təkliflərin bildirilməsini xahiş etmişdir. Yusif Səudun həmin sazişlərin layihələrinə dair Azərbaycan tərəfinə qısa vaxtda müvafiq məlumatın bildiriləcəyinə söz vermişdir.
Daha sonra görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək İş Adamları Şurası tərkibinin formalaşdırılması və bu qurumun ilk iclasının tezliklə keçirilməsi məsələləri ətrafında müzakirələr aparılmışdır.
Səfir Elman Araslı neft sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlığa dair Memorandumun layihəsini Yusif Səuduna təqdim etmişdir.
Memorandumun əhəmiyyətini diqqətə çatdıran Y.Səudun bu sənədin ölkəsinin Neft və Mineral Ehtiyatlar Nazirliyinə göndəriləcəyinə və layihəyə dair rəy və təkliflərin tezliklə Azərbaycan tərəfinə bildiriləcəyinə söz vermişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.