Azərbaycan-İordaniya əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb
Bakı, 7 may, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev mayın 6-da İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir Y.Qudah Azərbaycan Respublikasının İordaniyadakı səfiri təyin edilməsi münasibətilə səfir R.Rzayevi təbrik edib, xoş arzularını bildirib.
Səfir R.Rzayev iki ölkə arasında uğurlu dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin bu əlaqələrə müsbət təsirini vurğulayıb. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən diplomat ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib, ölkələrimiz arasında iqtisadi münasibətlərin səviyyəsinin siyasi əlaqələr səviyyəsinə yüksəldilməsinin zəruriliyini vurğulayıb.
Nazir Y.Qudah İordaniya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri olduğundan məmnunluğunu ifadə edib, Azərbaycanla əlaqələrin inkişafına xüsusi rəğbət bəslədiyini, dəfələrlə Azərbaycana səfər etdiyini və hər dəfə də yeniliklərin şahidi olduğunu diqqətə çatdırıb. Azərbaycanın insanlarının qonaqpərvərliyini, gözəl təbiətini xüsusi qeyd edən iordaniyalı nazir ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, İordaniya-Azərbaycan Hökumətlərarası Komissiyasının cari ilin fevral ayında Əmmanda keçirilmiş 3-cü iclasında müzakirə edilmiş məsələlərin və irəli sürülən təkliflərin qarşılıqlı faydalı olduğunu, əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətini vurğulayıb.
Nazir Y.Qudah regionda cərəyan edən siyasi gərginliyin, xüsusilə Suriya böhranının İordaniyanın iqtisadiyyatına, xarici ticarət əlaqələrinə mənfi təsir etdiyini diqqətə çatdırıb, Krallığa investisiya cəlb olunmasının əhəmiyyətini qeyd edib. İordaniyalı nazir ölkəsində həyata keçirilən iqtisadi layihələr, o cümlədən Hicaz dəmir yolu xəttinin bərpası layihəsi barədə məlumat verib.
Görüşdə Azərbaycan-İordaniya iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb. Enerji, turizm, nəqliyyat, təhsil və səhiyyə sahələrində əməkdaşlıq imkanları qeyd olunub. Vurğulanıb ki, turizm və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakı-Əmman birbaşa aviareysi açıla bilər. Azərbaycan-İordaniya İşgüzar Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması məqsədilə Şuranın formalaşdırılması prosesinin sürətləndirilməsi vacib hesab edilib. Bildirilib ki, indiyədək ölkələrimiz arasında investisiyaların təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sənədlər də daxil olmaqla ümumilikdə 43 sənəd imzalanıb. Qeyd olunub ki, iş adamlarının əlaqələrinin genişləndirilməsi üçün AZPROMO və İordaniyanın aidiyyəti qurumu arasında əməkdaşlığın qurulması, ixrac missiyalarının təşkili, potensial ixrac məhsullarına dair qarşılıqlı məlumat mübadiləsinin aparılması, habelə investisiya sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycanda yaradılan sənaye parklarında İordaniya şirkətlərinin investor kimi iştirakı məqsədəuyğundur.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları barədə nazirə məlumat verilib. İşğal nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunduğu, bir milyondan çox vətəndaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyü qeyd edilib. Münaqişə ilə bağlı İordaniyanın ədalətli və sabit mövqeyinə görə təşəkkür ifadə edilib.
Səfir R.Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə məlumat verib. Bu münasibətlə keçiriləcək təntənəli tədbirdə iştirakla bağlı dəvət məktubunu nazirə təqdim edib.