Azərbaycan iqtisadiyyatının “Qurtuluş tarixi”
Bakı, 14 iyun, AZƏRTAC
15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan Azərbaycanın müstəqilliyi 1993-cü ildə böyük təhlükə qarşısında idi. Həmin il iyunun 9-da ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıtması ölkəmizi gözləyən bəlalardan xilas etdi və həmin gün, sözün həqiqi mənasında böyük qurtuluşa doğru mühüm addım atıldı. Bir neçə gün sonra iyunun 15-də isə ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi və xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürməklə, ölkəmizin bazar iqtisadiyyatı istiqamətində irəliləməsinə şərait yaradan dayanıqlı iqtisadi müstəqilliyin əsasını qoydu. 27 il əvvəl, iyun ayında Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyəti ilə respublikamızı məhvolmadan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Ümummilli Liderin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, ölkəmizi müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Ulu öndər Heydər Əliyev radikal islahatlar apararaq Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, bu sabitliyin bünövrəsini iqtisadi dayaqlarla daha da möhkəmləndirdi.
Belə ki, 1994-cü il sentyabrın 20-də Bakıda əcnəbi neft şirkətləri ilə hasilatın pay bölgüsünə dair imzalanmış çoxmilyardlıq saziş - “Əsrin müqaviləsi” keçmiş postsovet məkanında ən iri müqavilə idi. “Əsrin müqaviləsi” Azərbaycan üçün həyati əhəmiyyətə malik olub, eyni zamanda, ölkədə daxili sabitliyin bərqərar olmasında və xarici siyasətdə uğurlar qazanılmasında da həlledici rol oynayır. Layihənin təşəbbüskarı olan ulu öndər Heydər Əliyev Azərbaycana böyük məbləğlərdə Qərb sərmayəsi cəlb etdi və bunun nəticəsində yeni iş yerləri açıldı, bir neçə neft-qaz yatağının istismarına nail olundu, Azərbaycanın postsovet məkanında ən yüksək səviyyədə iqtisadi inkişafı təmin edildi. Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olundu, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradıldı, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstəyin göstərilməsinə başlanıldı. Nəticədə Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə həyata keçirilən sahibkarlığın inkişafı strategiyası, özəl bölməyə yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimləməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması kimi atılmış zəruri addımlar qısa müddətdə ölkədə özəl biznesin formalaşmasına səbəb oldu.
“Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” - deyən ulu öndər Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu deyirdi. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi. Belə görüşlərə nümunə kimi 2002-ci il aprelin 25-də yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırıldı, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirildi, qarşıdakı illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olundu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul olunub, 100-dən çox fərman və sərəncam imzalanıb, 30-dək dövlət proqramı təsdiq edilib. Məhz bu görüşlərin və görülmüş işlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda “Sahibkarlar günü” kimi qeyd edilir.
2003-cü ildən ulu öndər Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını, intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər edib. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır. Azərbaycan Sahibkarlar Konfederasiyası iqtisadiyyatın inkişafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində genişmiqyaşlı işlər aparır.
Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar olaraq bu işdə yaxından yardımçı olmalıdırlar.
Azərbaycanda iqtisadiyyatın hərəkətverici qüvvəsi olan ölkə sahibkarları dövlətimizin yaratdığı imkanlardan istifadə edərək xalqımızın rifah halının daha da yüksəlməsi, rəqabətədavamlı istehsal potensialının artırılması naminə öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər edəcəklər.
Məmməd Musayev
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti