Azərbaycan-İtaliya strateji tərəfdaşlığı həyati əhəmiyyətli layihələrin reallaşdırılması üzərində qurulub ŞƏRH
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan-İtaliya strateji tərəfdaşlığı kifayət qədər yüksək səviyyədədir və faktiki olaraq bir çox həyati əhəmiyyətli layihələrin reallaşdırılması üzərində qurulub. Bu münasibətlər siyasi dialoq baxımından da çox sıx və intensiv xarakter daşıyır. Xüsusilə 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair sənəddə müəyyən olunduğu kimi inkişaf etdirilir. Həmçinin münasibətlərin daha da genişlənməsi üçün böyük potensial mövcuddur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O qeyd edib ki, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı artıq formalaşmış strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və onun perspektivləri kifayət qədər geniş və çoxşaxəlidir. Mövcud reallıqlara əsaslanaraq, İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı aparılan danışıqlar və verilən bəyanatlar bir daha göstərib ki, əməkdaşlığın inkişaf perspektivləri olduqca genişdir. Bu perspektivləri bir neçə istiqamət üzrə nəzərdən keçirmək mümkündür.
“Şübhəsiz ki, burada əsas istiqamət enerji sahəsində əməkdaşlıqdır. Enerji sektoru hər iki ölkə arasındakı iqtisadi münasibətlərin əsas lokomotivi olmaqla yanaşı, uzunmüddətli perspektivə malikdir. Hazırda əməkdaşlığın nüvəsini məhz enerji sektoru təşkil edir və bu istiqamətdə onun rolunun daha da artacağı gözlənilir. Məsələn, ötən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliyanın payına düşüb. Bununla yanaşı, yaşıl enerji sahəsində də əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Yeni mərhələdə tərəflər əməkdaşlığı yalnız karbohidrogenlərlə məhdudlaşdırmır, eyni zamanda, yaşıl enerji və bərpaolunan enerji layihələrinə də xüsusi əhəmiyyət verirlər. Həmçinin sənayenin müxtəlif sahələrində, o cümlədən hərbi sənaye və qeyri-neft sektorunda - kənd təsərrüfatı, yüngül sənaye və digər istiqamətlərdə də geniş əməkdaşlıq imkanları mövcuddur. İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə fəal şəkildə cəlb olunublar. Təxminən 23 layihənin icrası həyata keçirilib ki, bunlar tikinti və infrastruktur sahələrini əhatə edir. Hazırda 130-a yaxın İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir ki, bu da əməkdaşlıq potensialının kifayət qədər böyük olduğunu göstərir”, - deyə deputat vurğulayıb.
Azər Allahverənov Azərbaycan-İtaliya əməkdaşlığının həm qısamüddətli, həm də uzunmüddətli perspektivlərinin kifayət qədər geniş olduğuna diqqət çəkib: “Xüsusilə enerji, logistika və sənaye sahələrində əldə olunan nəticələr gələcəkdə daha dayanıqlı əməkdaşlıq modelinin formalaşmasına və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin inkişafına ciddi zəmin yaradır. Düşünürəm ki, imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm dönüş nöqtəsi olub və bugünkü nailiyyətlər üçün ciddi yol xəritəsi rolunu oynayıb. Bu sənədlər qarşılıqlı etimad, inam və etibar prinsipləri üzərində qurulan münasibətləri daha da möhkəmləndirəcək”.