AZƏRBAYCAN JURNALİSTLƏRİNİN II QURULTAYI KEÇİRİLMİŞDİR
Azərbaycanın dövlət himni səsləndikdən sonra, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qurultayın reqlamentinə uyğun olaraq, rəyasət heyəti, mandat və hesablayıcı komissiyalar, katiblik seçildi.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin xoş arzularını qurultay iştirakçılarına çatdırdı, ümummilli liderimiz Heydər Əliyevin kütləvi informasiya vasitələrinə və jurnalistlərə göstərdiyi böyük diqqət və qayğını xatırlatdı, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi üçün dövlətin həyata keçirdiyi zəruri tədbirlərdən, demokratik cəmiyyətin formalaşdırılmasında müstəqil mətbuatın rolundan danışdı. O, əmin olduğunu vurğuladı ki, bir ildir fəaliyyət göstərən Mətbuat Şurası ölkəmizdə azad və demokratik mətbuatın inkişafı üçün bundan sonra da ciddi səylər göstərəcəkdir.
“Jurnalistlərin fəaliyyəti əxlaqi dəyərlərə söykənməlidir” fikrini diqqətə çatdıran Türkiyənin Mətbuat Şurasının sədri Oqtay İlkin rəhbərlik etdiyi qurumun yaranma tarixi, 16 illik fəaliyyəti, gördüyü əsas işlər və qazanılan təcrübə barədə ətraflı məlumat verdi.
Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşovun qurumun birillik fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənildi. O, jurnalistlərin böyük əksəriyyətinin razılığı və köməyi ilə zamanın tələbinə uyğun yaradılmış Mətbuat Şurasının gördüyü işlər haqqında danışaraq dedi ki, Azərbaycan jurnalistlərinin ictimai rəyə təsir edən əsas qüvvələri özünütənzimləmə mexanizmi kimi Mətbut Şurasını tam dəstəkləyirlər. Mətbuat Şurası təkcə jurnalistin özünütənzimləmə mexanizmi kimi deyil, bütövlükdə jurnalistikanın peşəkarlıq baxımından inkişafının əsas yükünü çiyninə götürən bir quruma çevrilməkdədir. Şuranın gördüyü işlər ictimaiyyət tərəfindən normal qarşılanır və gələcəkdə bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçiriləcəkdir. Məruzədən sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənildi.
Sonra müzakirələr başlandı. Mətbuat Şurasının fəaliyyətindəki çatışmazlıqlar göstərilməklə yanaşı, onun birillik fəaliyyəti qənaətbəxş hesab olundu.
Qurultay iştirakçıları adından Azərbaycan ictimaiyyətinə və jurnalistlərə müraciət qəbul edildi.