AZƏRBAYCAN-LATVİYA BİZNES FORUMU
Azərbaycan-Latviya biznes forumu oktyabrın 4-də “Hyatt Regensy-Naxçıvan” hotelində Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti xanım Vayra Vike-Freyberqanın iştirakı ilə öz işini davam etdirmişdir. Forum iştirakçıları dövlət başçılarını alqışlarla qarşıladılar.
İqtisadi inkişaf naziri Fərhad Əliyev forumun növbəti iclasını açaraq, dövlət başçılarını və qonaqları salamladı, prezidentlər İlham Əliyev ilə xanım Vayra Vike-Freyberqa arasında danışıqların və imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətini vurğuladı. Bildirildi ki, prezidentlərin biznes forumunda iştirakı iş adamlarını daha sıx əməkdaşlıq etməyə ruhlandırır.
Nazir forum çərçivəsində hər iki ölkənin investisiya imkanları haqqında geniş məlumat verildiyini, iş adamlarının ikitərəfli görüşlərinin təşkil olunduğunu, Latviyada istehsal edilmiş bəzi ərzaq məhsullarının dequstasiyasının keçirildiyini, forumda Azərbaycan və Latviya tərəfindən neft, qaz, nəqliyyat, rabitə, bank-maliyyə, nəşriyyat, informasiya texnologiyaları, yeyinti məhsullarının, tikinti materiallarının istehsalı üzrə ixtisaslaşmış 200-dən artıq şirkətin təmsil olunduğunu bildirdi. Nazir dedi ki, ikitərəfli görüşlər nəticəsində imzalanmaq üçün çoxlu sənədlər hazırlanmışdır.
Latviyanın iqtisadiyyat naziri Krişyanis Karinş çıxış edərək, forumun çox əhəmiyyətli, aparılan müzakirələrdə səslənən fikirlərin oxşar olduğunu söylədi. Fəallıqlarına görə Azərbaycanın biznes nümayəndələrinə təşəkkür edən nazir dedi ki, Latviya biznesmenləri müxtəlif ölkələrin təmsilçiləri ilə görüşmüşlər, lakin ürəkdən deyirəm ki, Azərbaycanın biznesmenləri, iş adamları, doğrudan da, peşəkardırlar və biz bunu çox yüksək qiymətləndiririk.
O, dövlət başçılarının iştirakı ilə imzalanmış və iş adamları arasında imzalanacaq sazişlərin iki ölkənin gələcək əməkdaşlığı üçün çox önəmli olduğunu vurğuladı.
Latviyalı nazir gələn il Riqada biznes forumun keçiriləcəyini, birbaşa hava xəttinin açılması ilə ölkələrimiz arasında əlaqələrin güclənəcəyini söylədi, qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirdi.
Prezidentlər İlham Əliyev və Vayra Vike-Freyberqa forumda nitq söylədilər.