Azərbaycan mədəniyyəti Haaqada keçirilən beynəlxalq festivalda böyük maraq və coşqu ilə qarşılanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycanın Niderland Krallığındakı səfirliyi Haaqa şəhər Meriyasının patronajlığı ilə təşkil olunan və artıq ənənəyə çevrilmiş “Səfirlik festivalı”nda iştirak edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, qlobal sülh və ədalətin simvolu sayılan Haaqanın mərkəzində – tarixi Lange Voorhout meydanında baş tutan tədbir, bu il də dünya xalqlarının zəngin mədəni irsini bir araya gətirərək "bir gündə dünya səyahəti" devizi altında minlərlə ziyarətçiyə unudulmaz anlar yaşadıb. Tədbirdə təxminən altmış ölkə öz milli pavilyonları ilə iştirak edərək milli dəyərlərini nümayiş etdiriblər.
Azərbaycan pavilyonu da öz zənginliyi və rəngarəngliyi ilə festivalın ən çox ziyarət olunan guşələrindən birinə çevrilib. Burada təqdim olunan Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialına aid materiallar və eksponatlar, o cümlədən xalça nümunələri və milli geyimlərimiz, eləcə də plov, dolma, kabab, qutab, milli şirniyyatlar kimi ləziz mətbəx nümunələri ziyarətçilərin böyük marağına səbəb olub. Azərbaycan mədəniyyətinin dadı, rəngi və ruhu bu pavilyonda bir araya gələrək ölkəmizi ləyaqətlə təmsil edib.
Haaqa şəhərinin meri Yan van Zanen Azərbaycan pavilyonuna baş çəkib və soydaşlarımızla söhbət edib. O, ölkəmizin festivalda fəal iştirakı ilə bağlı məmnunluğunu ifadə edib, Azərbaycan xalqının zəngin mədəni irsi və qonaqpərvərlik ənənələrinə duyduğu dərin heyranlığını bölüşüb.
Festival çərçivəsində təşkil olunan musiqi proqramında Avropada yaşayan həmvətənlərimizdən ibarət “Qafqaz” rəqs qrupu Azərbaycan milli rəqslərini təqdim edib. Rəqslərimizin ritmi, estetikası və enerji dolu hərəkətləri festival tamaşaçılarını valeh edib, ifalar böyük alqış və coşqu ilə qarşılanıb.
Festivalda iştirak Azərbaycan mədəniyyətinin beynəlxalq platformada uğurla tanıdılması baxımından önəmli addım olmaqla yanaşı, xalqımızın irsini, qonaqpərvərliyini və yaradıcı ruhunu bir daha nümayiş etdirib.