Azərbaycan mədəniyyətinin Belarus telekanallarında təbliğinə dair ilkin razılıq əldə olunub
Minsk, 3 noyabr, AZƏRTAC
Azərbaycan mədəniyyətinin Belarus telekanallarında yayımlanması haqqında ilkin razılığa gəlinib.
AZƏRTAC xəbər verir ki, bu barədə razılıq Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyevlə Belarus Milli Dövlət Teleradio kampaniyasının sədri İvan Eysmont arasında görüşündə əldə olunub.
Səfir Ülvi Baxşəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmiz regionun lider dövlətinə çevrilib. Azərbaycan bir sıra beynəlxalq layihələrin müəllifi kimi dünyada tolerant, mədəniyyət beşiyi kimi tanınır. Ölkəmizdə reallıqları əks etdirən yeni filmlər çəkilməkdədir. Bütün bu uğurların Belarus cəmiyyətinə çatdırılması istiqamətində Belarus Milli Dövlət Teleradio kampaniyası öz töhfəsini verə bilər.
Azərbaycan telekanalları ilə əməkdaşlıqda maraqlı olduğunu deyən İvan Eysmont bildirib ki, bu istiqamətdə qarşılıqlı fəaliyyət yeni mərhələyə qədəm qoymalıdır. “Biz Belarus telekanallarında Azərbaycan mədəniyyətini və kinosunu təbliğ etməyə hazırıq”, - deyə İvan Eysmont əlavə edib.
Görüşdə maraq doğuran digər məsələlər, o cümlədən Azərbaycan və Belarus jurnalistlərinin qarşılıqlı səfəri müzakirə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk