AZƏRBAYCAN MİLLİ MƏCLİSİNİN SƏDRİ MURTUZ ƏLƏSGƏROVUN UKRAYNAYA RƏSMİ SƏFƏRİ DAVAM EDİR
V.Litvin bildirmişdir ki, Ukrayna-Azərbaycan münasibətləri özünün sabitliyi ilə seçilir. Parlamentlər arasında əməkdaşlıq bünövrəsi hər iki ölkənin prezidentləri tərəfindən qoyulmuş Ukrayna-Azərbaycan münasibətlərinin inkişaf sürətinə uyğun olmalıdır.
Milli Məclisin sədri Murtuz Ələsgərov demişdir ki, rəsmi səfərinin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bu, yeni beynəlxalq təşkilatın – GUÖAM Parlament Assambleyasının yaradılması kimi tarixi hadisə ilə bir vaxta salınmışdır. Onun sözlərinə görə, GUÖAM Parlament Assambleyasının yaradılması təşkilatın üzvü olan ölkələr, o cümlədən Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın yeni inkişaf formasıdır.
Milli Məclisin başçısı vurğulamışdır ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və biz münasibətlərimizin həm də parlamentlər səviyyəsində möhkəmləndirilməsində maraqlıyıq.
Danışıqlar zamanı qarşılıqlı surətdə faydalı iqtisadi, siyasi, mədəni əməkdaşlığın qaydaya salınması istiqamətində geniş imkanlardan söhbət açılmış, ticarət-iqtisadi münasibətlərin inkişafı əməkdaşlığın öncül istiqamətləri olması vurğulanmışdır.
Hər iki ölkədə daxili siyasi vəziyyət, parlamentlərin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək parlamentlərarası əməkdaşlıq planları müəyyən edilmiş, parlament dostluq qruplarının fəallaşdırılmasının zəruriliyi bildirilmişdir.
Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində ətraflı dayanmış, bir milyondan artıq azərbaycanlı qaçqın-köçkünün ağır vəziyyətindən söhbət açmışdır.
Vladimir Litvin qeyd etmişdir ki, Ukraynanın mövqeyi dəqiqdir – bu cür problemlər yalnız sülh yolu ilə, hamı tərəfindən qəbul olunmuş beynəlxalq normalar, BMT və ATƏT-in qətnamələri çərçivəsində, suveren dövlətlərin ərazi bütövlüyü prinsiplərinə riayət olunması şəraitində həll olunmalıdır.
Danışıqlardan sonra M.Ələsgərov və V.Litvin jurnalistlərin çoxsaylı suallarına cavab vermişlər.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Ukrayna XİN-də nazirin birinci müavini, aparatın rəhbəri Vladimir Yelçenko ilə görüşmüşlər.
Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunmuşdur.
Günün ikinci yarısında Azərbaycan Milli Məclisinin sədri T.Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) rəhbərliyi ilə görüşmüşdür.
KMU-nun rektoru Viktor Skopenko beynəlxalq hüququn inkişafında, Ukrayna-Azərbaycan münasibətlərinin dərinləşdirilməsində və genişləndirilməsində xidmətlərinə görə Milli Məclisin sədri, hüquqşünas alim Murtuz Ələsgərova universitetin fəxri doktoru diplomunu və mantiyasını təqdim etmişdir.
M.Ələsgərov belə yüksək şərəfə görə səmimi təşəkkürünü bildirərək demişdir ki, bu fəxri adı iftixar hissi ilə daşıyacaq və gələcəkdə də müstəqil dövlətlərimiz arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə kömək edəcəkdir.
M.Ələsgərov V.Skopenkoya xatirə hədiyyələri təqdim etmiş, Milli Məclisin deputatı, siyasi elmlər doktoru V.Abdullayev isə Azərbaycan Prezidenti İlham Əliyev haqqında bu yaxınlarda çapdan çıxmış “Sülh və sabitlik Prezidenti” kitabını bağışlamışdır.
Axşam Ukrayna parlamentinin spikeri V.Litvinin adından Azərbaycan Milli Məclisinin sədri M.Ələsgərovun şərəfinə qəbul təşkil olunmuşdur.
Azərbaycan parlamenti sədrinin Ukraynaya rəsmi səfəri davam edir.