Azərbaycan milli mətbuatı xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasına töhfələr vermiş “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də, əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə səsləmək, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub.
Keşməkeşli inkişaf yolu keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirməyi bacarıb. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyətin bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik fəaliyyət göstərir. İnformasiya texnologiyalarının inkişafı ilə Azərbaycan mətbuatı qlobal məlumat mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşaraq tərəqqi etməkdədir.
Prezident İlham Əliyevin mətbuatın inkişafı, jurnalistlərin rifahı naminə atdığı addımlar, kütləvi informasiya vasitələrinə dəstək, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin jurnalistlərin fəxri adlarla təltif edilməsi müvafiq sahəyə qayğının bariz nümunəsidir. Ölkə rəhbərinin Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması da bu tədbirlər sırasındadır.
Azərbaycan İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisəsi fəaliyyətə başladığı vaxtdan etibarən kütləvi informasiya vasitələri ilə əlaqələrini inkişaf etdirir. Vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri, o cümlədən dini dəyərlərin təbliğində media nümayəndələri vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsinin fəaliyyətini obyektiv işıqlandıran, fəallığı ilə seçilən mətbuat nümayəndələrini təbrik edib. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla media nümayəndələri təltif olunublar.