Azərbaycan nümayəndə heyəti Tbilisidə keçirilən beynəlxalq konfransda iştirak edir
Tbilisi, 1 noyabr, AZƏRTAC
Bu gün Tbilisidə “Məhbusların və məhkumların reabilitasiyası və yenidən sosiallaşması prosesində yeniliklər” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda 22 ölkə və beynəlxalq təşkilatlardan 100-dən çox nümayəndə iştirak edir.
Tədbirdə Azərbaycanı Ədliyyə Nazirliyinin nümayəndələri təmsil edirlər.
Üç gün davam edəcək tədbir çərçivəsində məhbusların və məhkumların yenidən normal cəmiyyətə qayıtmaları istiqamətində həyata keçirilən layihələr, eyni zamanda, onlara psixoloji, hüquqi və tibbi yardımların göstərilməsi qaydalarının təkmilləşdirilməsi, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və s. məsələsi diqqət mərkəzində olacaq.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə penitensiar sahədə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər, bu sahədə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq, eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi barədə çıxış edəcək, fikirlərini bölüşəcəklər.
Tədbir öz işini noyabrın 3-dək davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi