Azərbaycan nümayəndə heyətinin Tbilisidə keçirilən konfransdakı çıxışı böyük maraqla qarşılanıb
Tbilisi, 2 noyabr, AZƏRTAC
Azərbaycanda məhbus və məhkumlara uzunmüddətli görüşlərin verilməsi praktikası başqa ölkələr üçün nümunə ola bilər. Bu praktika məhbusların reabilitasiyasında mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi Adil Əbilov “Məhbusların və məhkumların reabilitasiyası və yenidən sosiallaşması prosesində yeniliklər” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında söyləyib.
İdarə rəisi ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda məhbus və məhkumlara uzunmüddətli görüşlərin verilməsi praktikası tətbiq olunur. Görüş zamanı məhbus ailə üzvləri ilə birlikdə onlar üçün ayrılmış hər şəraiti olan otaqlarda 3 günə qədər qala bilirlər və uzunmüddətli görüşlər məhbuslar üçün stimul olur. Onlar başa düşürlər ki, nümunəvi davranışlar bu cür görüşlərin sayını artıra bilər.
Bildirib ki, Azərbaycanda məhbuslara həmçinin 7 günə qədər məzuniyyət də verilir. Onlar üçün peşə kursları təşkil edilir. Məhbus və məhkumların təhsili, onlara tibbi xidmətlərin göstərilməsinə ciddi yanaşılır.
Azərbaycanın vərəmə qarşı təcrübəsindən bəhs edən natiq deyib ki, bizim təcrübəmiz xaricdə geniş yayımlanır. Xaricdən bu təcrübəni gəlib Azərbaycandan öyrənirlər. ÜST ölkəmizdə yaratdığı xüsusi mərkəzdə 20 ölkədən penitensiar xidmətin əməkdaşları və mülki vətəndaşlar gəlib iştirak ediblər.
Onun çıxışından sonra müzakirələr olmuş, Azərbaycanda ədliyyə strukturlarında və xüsusən də penitensiar sistemdə tətbiq olunan yeniliklər müsbət qiymətləndirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi