Azərbaycan ordusu sərhəddə, gəncləri isə virtual məkanda erməni təxribatının qarşısını alır
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 12-dən etibarən milli ordumuz Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrinin təcavüzkar hücumuna qarşı rəşadətlə döyüşməkdədir.
Cəbhədə gedən müharibə ilə yanaşı, son günlərdə erməni təbliğat maşını sosial şəbəkələrdə tam gücü ilə dövlətimizə, ordumuza və xalqımıza qarşı çirkin hücuma başlayıb. Ermənistanla bağlı olan ayrı-ayrı səhifələr, xarici ölkələrdə yaşayan ermənilər, erməni diasporunun fəalları və onun üzvləri tərəfindən yalan və kin üzərində qurulmuş uydurma məlumatlar paylaşılmaqdadır. Bu fəaliyyətin kökündə Azərbaycan cəmiyyətində hökm sürən vətənpərvərlik ruhunu sarsıtmaq və beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın təcavüzkar mahiyyətindən yayındırmaq cəhdi dayanır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Gənclər Fondunun müraciətində yer alıb. Müraciətdə deyilir: “Bu günlər ərzində azərbaycanlı sosial şəbəkə istifadəçiləri, xüsusilə də gənclərimiz ermənilər tərəfindən yayılan bütün məlumat və saxta xəbərlərə, beynəlxalq ictimaiyyətə edilən çağırışlara qarşı sərt mövqe nümayiş etdirir, danılmaz arqument və faktlara əsaslanan paylaşımlar etməklə erməni yalanını ifşa edir. Bu səylər öz nəticələrini verməkdədir, belə ki, bir çox saxta məlumat və çağırışlar internet məkanından çıxarılıb.
Təhlillərə əsasən deyə bilərik ki, Azərbaycan həqiqətlərini geniş beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından bu mübarizə fasiləsiz və sistemli şəkildə davam etdirilməlidir.
Bu məqsədlə biz, Azərbaycanın fəal gəncləri və gənclər təşkilatları nümayəndələri bütün sosial şəbəkə istifadəçilərini virtual platformalarda bundan sonra da fəal şəkildə milli maraqlarımızın müdafiəsində durmağa səsləyirik!
Azərbaycan həqiqətlərini dolğun çatdırmaq və erməni yalanlarına son qoymaq məqsədilə hər kəsi “Azərbaycan gəncliyi” ("Facebook") qrupuna qoşulmağa və orada, eləcə də “azerbaycangencliyi” ("Instagram") və “azerbaijanyouth” ("Twitter") səhifələrində yayılan məlumat və faktların dünya ictimaiyyətinə çatdırmağa dəstək olmağa çağırırıq! Qrup tərəfindən hər gün fasiləsiz olaraq, sosial şəbəkələrdə monitorinqlər aparılacaq, mümkün təxribatlar və onların cavablandırılması yolları barədə üzvlərə təlimatlar göndəriləcək.
Ədalətin zəfər çalması üçün gəlin birlikdə təbliğat aparaq!
On milyon insan - on milyon əsgər!”.