AZƏRBAYCAN PREZİDENT HEYDƏR ƏLİYEVİN PORTUQALİYANIN BAŞ NAZİRİ ANTONİO QUTYERRES İLƏ GÖRÜŞÜ
Prezident Heydər Əliyevi Lissabonda salamlamaqdan məmnun olduğunu və onunla görüşdən şərəf duyduğunu bildirən cənab Qutyerres Portuqaliyanın Azərbaycanla sıx əlaqələr qurmağa böyü maraq göstərdiyini bildirdi. Yeni müstəqillik qazanmış Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərin, xüsusən ölkədə demiokratik proseslərin sürətli inkişafının Portuqaliyada maraqla qarşılandığını nəzərə çarpdıran Baş nazir Zirvə görüşünün dekabrın 2-də keçirilən səhər iclasında Prezident Heydər Əliyevin nitqini çox diqqətlə dinlədiyini vurğuladı.
Xoş sözlərə görə cənab Qutyerresə minnətdarlığını bildirən dövlətimizin başçısı Lissabon Zirvə görüşünün keçirilməsi üçün yaradılmış yüksək səviyyəli şəraitə və qonaqpərvərliyə görə Baş nazirə təşəkkür etdi.
ATƏT-in üzvü olan respublikamızın bu beynəlxalq təşkilatın prinsiplərinin həyata keçirilməsinə xüsusi diqqət yetirdiyini nəzərə çarpdıran Prezident Heydər Əliyev demokratik hüquqi dövlət qurulması, bazar iqtisadiyyatının formalaşdırılması yolunu tutmuş respublikamızda demokratik proseslərin inkişaf etdirilməsi istiqamətində görülmeş işlərdən bəhs etdi. Ölkəmiz üçün ən ağrılı problemin Ermənistanın Azərbaycana hərbi təcavüzü olduğunu vurğulayan respublikamızın rəhbəri bu münaqişənin sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar vasitəsilə həllinə respublikamızın xüsusi əhəmiyyət verdiyini bildirdi. Dövlətimizin başçısı dedi ki, biz məsələnin ATƏT-in prinsipləri, beynəlxalq hüquq normaları, BMT nizamnaməsi əsasında həllinə böyük diqqət yetiririk və bu problemin tezliklə aradan qaldırılması üçün kompromisli təkliflərimizi dəfələrlə irəli sürmüşük. Biz bəyan etmişik ki, şərtimiz yerinə yetirilərsə, respublikamız Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyini təmin etməyə, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazırdır.
Prezident Heydər Əliyev daha sonra bildirdi ki, biz çalışırıq ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilsin, ölkəmizin ərazi bütövlüyü təmin olunsun, doğma diyarlarından zorla qovulmuş qaçqınlar öz yerlərinə qayıtsınlar. Ermənistan Respublikasının təcavüzkarlıq hərəkətindən əl çəkmədiyini vurğulayan dövlətimizin başçısı bu problemin sülh yolu ilə həlli yollarından bəhs edən xüsusi maddənin Lissabon Zirvə görüşünün bəyannaməsində öz əksini tapmasının çox vacib olduğunu bildirdi, Ermənistanın həmin maddəni mötərizəyə alaraq ona etiraz etməsindən narahatlıqla söhbət açdı. Prezident Heydər Əliyev bildirdi ki, əgər Ermənistan 20-ci maddənin qəbul olunmasına etirazını geri götürməsə, onda Azərbaycan Lissabon Zirvə görüşünün bəyannaməsinə bütünlüklə veto qoymaq hüququndan istifadə edəcəkdir.
Portuqaliyanın Baş naziri Azərbaycanın mövqeyinin ədalətli olduğunu bildirdi və respublikamızın bu münaqişənin sülh yolu ilə aradan qaldırmaq təşəbbüslərini yüksək qiymətləndirdi.
Söhbət zamanı Lissabon Zirvə görüşünün yekun sənədinin qəbul olunması ilə əlaqədar qarşıya çıxan gərgin vəziyyətin aradan qaldırılması məsələləri diqqətlə nəzərdən keçirildi, çıxış yolları barədə ətraflı fikir mübadiləsi aparıldı.