AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ SENATORU QUDMAN İLƏ GÖRÜŞMÜŞDÜR
Cənab Qudman bildirdi ki, Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir və ölkənin müstəqilliyinin qorunması istiqamətində, habelə Xəzər dənizindəki yataqlardan çıxarılacaq ilkin neftin Qərb bazarlarına daha təhlükəsiz yollarla çatdırılması üçün Prezident Heydər Əliyevin atdığı qətiyyətli addımlardan yaxşı xəbərdardır.
Prezident Heydər Əliyev Azərbaycandakı vəziyyət barədə senatora ətraflı məlumat verdi. Dövlət başçısı qeyd etdi ki, ölkəmizin ərazisinin 20 faizinin işğal olunmasına, bir milyondan artıq azərbaycanlının qaçqın düşməsinə baxmayaraq, Birləşmiş Ştatların konqresi respublikamıza qarşı çox ədalətsiz mövqe tutmuşdur. Heydər Əliyev cənab Qudmandan xahiş etdi ki, konqresin Azərbaycana yardım göstərməsini qadağan edən qərarının ləğv olunmasında öz səylərini əsirgəməsin.
Dövlətimizin başçısı bildirdi ki, tezliklə Azərbaycanda parlamentə ilk dəfə demokratik seçkilər keçiriləcək və həmin gün - noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə ölkəmizin yeni demokratik konstitusiyası da qəbul olunacaqdır. Bunlar ölkəmizin həyatında tarixi hadisələrdir. Daha sonra Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsində ABŞ şirkətlərinin iştirakından danışaraq dedi ki, Birləşmiş Ştatların Azərbaycanda strateji maraqları var. Prezident Azərbaycanın guya Ermənistanı blokadaya aldığı barədə erməni təbliğatını cəfəngiyyat adlandıraraq bildirdi ki, indi Azərbaycan özü blokadaya salınmışdır.
Heydər Əliyev senatoru Azərbaycana səfərə dəvət edərək dedi ki, əgər cənab Qudman bu dəvətdən istifadə edib ölkəmizə gələrsə, respublikamızın vəziyyətini, qaçqınların necə ağır şəraitdə yaşadıqlarını görər, konqresdəki həmkarlarına ətraflı məlumat çatdıraraq onları ədalətsiz qərarı ləğv etməyə çağırar.
Cənab Qudman Prezident Heydər Əliyevin dəvətini razılıqla qarşıladı və Azərbaycana hökmən səfər edəcəyini bildirdi.