AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BRUNEY SULTANI İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Prezidentini səmimi salamlayan Bruney sultanı onların arasında yaranmış münasibətlərdən məmnun olduğunu söylədi. Sultan dedi ki, ölkələrimizin xalqlarının eyni dinə mənsub olması bizi bir-birimizə daha da yaxınlaşdırır. Dövlətlərimiz arasında iqtisadi əlaqələri möhkəmləndirmək lazımdır. Cənab Həssənəl Bolkiah Azərbaycan Prezidenti Heydər Əliyevi öz ölkəsinə səfərə dəvət etdiyini bir daha xatırlatdı və dedi ki, bu səfər iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə, Bruneyin Azərbaycana yardım göstərməsinə, ümumiyyətlə, Bruneydə Azərbaycan haqqında geniş məlumat yayılmasına kömək edərdi.
Prezident Heydər Əliyev də sultanla yenidən görüşməsindən razı qaldığını bildirdi və dedi ki, onunla Kasablankadakı görüşünü yaxşı xatırlayır. Bruneyə dəvət üçün cənab Bolkiaha təşəkkür edən Azərbaycan Prezidenti də onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini söylədi. Heydər Əliyev dedi ki, qarşıdakı 3-4 ay ərzində vaxt tapıb mütləq Bruneyə gələcəkdir. Dövlətimizin başçısı İslam Konfransı Təşkilatında və digər beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Azərbaycanla bağlı məsələ müzakirə olunarkən ölkəmizi dəstəklədiyinə görə Bruney rəhbərliyinə və şəxsən sultana minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti ölkəmizdəki vəziyyət barədə müsahibinə məlumat verərək dedi ki, BMT-nin, İslam Konfransı Təşkilatının erməni təcavüzünü pisləyən sənədlər qəbul etmələrinə baxmayaraq, Ermənistan bunlara məhəl qoymur. Heydər Əliyev qeyd etdi ki, Azərbaycan sülh şəraitində yaşamaq istəyir, dəfələrlə bəyan etmişdir ki, tam sülhə nail olunana qədər atəşkəsə sadiq qalacaqdır.
Cənab Bolkiah dedi ki, biz Azərbaycanın dərdinə şərikik, onun haqq işini həmişə dəstəkləyəcəyik. Sultan bildirdi ki, Bruney ağır vəziyyətdə yaşayan Azərbaycan qaçqınlarına kömək edəcəkdir.