AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV LİSSABONA, ATƏT-İN ZİRVƏ TOPLANTISINA YOLA DÜŞMÜŞDÜR
Dövlətimizin başçısı yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə qısa müsahibə vermişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev Lissabona gedərkən yolüstü
İstanbulda dayanmışdır.
Atatürk hava limanında dövlətimizin rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyevi İstanbul şəhərinin valisi Rizvan Yenişən, dünyanın məşhur cərrah-alimlərindən biri İhsan Doğramacı, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, ölkəmizin İstanbuldakı baş konsulu Abbas Abdulla və digər rəsmi şəxslər qarşılamışlar.
Azərbaycan Prezidenti xalqımızın böyük dostu İhsan Doğramacı ilə səmimi söhbət etdi, onun səhhəti ilə maraqlandı. Dahi şairimiz Məhəmməd Füzulinin 500 illik yubileyində iştirak etmək üçün İhsan bəyin Bakıya gələ bilməməsindən təəssüfləndiyini söyləyən Prezident Heydər Əliyev yubiley tədbirlərinin çox gözəl keçdiyini vurğuladı.
Daha sonra dövlətimizin başçısı jurnalistlər üçün qısa mətbuat konfransı keçirdi.
Dövlətimizin başçısı dekabrın 1-də Lissabonda Türkiyə prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür. Görüşdə Lissabon Zirvə toplantısı ilə bağlı məsələlər müzakirə edilmişdir.
Dekabrın 2-də ATƏT-in Zirvə görüşünün açılışı olmuşdur. Toplantıda Avropanın 54 ölkəsinin dövlət və hökumət başçıları, habelə ABŞ və Kanadanın nümayəndələri iştirak edirlər. Portuqaliyanın baş naziri Antonio Qutyerres Zirvə görüşünün açılışında nitq söyləmişdir. O demişdir ki, XXI əsrə yaxınlaşarkən ATƏT-in məqsədi müştərək dəyərlərə uyğun olaraq demokratiya mədəniyyətini inkişaf etdirmək, sülhü və sabitliyi bərqərar etməkdir.
Azərbaycan Prezidenti Heydər Əliyev Zirvə toplantısında nitq söyləmişdir.