AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NAXÇIVANA GƏLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 10-da Naxçıvana gəlmişdir.
Respublikamızın dövlət bayraqları, Azərbaycan Prezidentinin portretləri ilə bəzədilmiş Naxçıvan hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Heydər Əliyevi təyyarənin pilləkəni yanında Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov, digər rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri səmimiyyətlə qarşıladılar. Milli geyimli qızlar Azərbaycan Prezidentinə gül-çiçək dəstəsi təqdim etdilər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi, Azərbaycan əsgərlərini salamladı.
Prezident Heydər Əliyev Muxtar Respublikanın rəhbər işçiləri, Ali Məclisin deputatları ilə görüşdü. Respublikamızın rəhbərinə şərbət təqdim olundu.
Hava limanına Naxçıvanın minlərlə sakini toplaşmışdı. Azərbaycan Prezidenti onlara yaxınlaşaraq, qədim diyarın nümayəndələrini səmimiyyətlə salamladı. Naxçıvanlılar dövlətimizin başçısını hərarətlə alqışladılar və qısa müddətdə ikinci dəfə Muxtar Respublikaya səfər etdiyinə görə minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün axşam Naxçıvan şəhərinə gəzintiyə çıxdı. Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev adına uşaq və gənclər parkına gəldi. Muxtar Respublika paytaxtının minlərlə sakini Azərbaycan Prezidenti ilə görüşmək üçün buraya toplaşmışdı. Onlar Prezidenti hərarətli alqışlarla qarşıladılar. Prezident Heydər Əliyev şəhər sakinləri ilə səmimiyyətlə görüşüb söhbət etdi. Uşaqlar Prezidentə, Vətənə həsr olunmuş şerlər söylədilər.
Prezident daha sonra Heydər Əliyev Muzeyinin qarşısına gəldi, buradakı parkı seyr etdi.
Muxtar Respublikanın paytaxtında gəzinti Əcəmi seyrəngahında başa çatdı. Naxçıvanın yüzlərlə sakini burada Azərbaycan Prezidentini böyük səmimiyyətlə salamladı, dövlətimizin başçısına dərin hörmət və ehtiramını bildirdi. Prezident Heydər Əliyev şəhər sakinləri ilə mehribanlıqla söhbət etdi.
Azərbaycan Prezidenti Heydər Əliyevin Naxçıvana səfəri davam edir.
Aslan Aslanov, Rafiq İmanov
AZƏRTAC-ın xüsusi müxbirləri
Naxçıvan