AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PRAQAYA GƏLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün noyabrın 21-də Praqaya gəlmişdir.
Praqa şəhərinin “Stara Ruzina” hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi Çexiya Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Mirhəmzə Əfəndiyev qarşıladılar.
Dövlətimizin başçısı Heydər Əliyev maşın karvanının müşayiəti ilə onun üçün ayrılmış “Qorintiya Tovert” mehmanxanasına gəldi. Respublikamızın rəhbərini burada Çexiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı Boqomil Harmşmid səmimiyyətlə qarşıladı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin gün öz iqamətgahında Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdü. Təkbətək keçən görüşdə dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə müzakirələr apardılar. Görüşdən sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.
Daha sonra Praqadakı Konqres mərkəzində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Ermənistan Respublikasının Prezidenti Robert Koçaryanın təkbətək görüşü keçirildi. Bir saatdan çox davam edən danışıqlardan sonra ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri də görüşə qatıldılar. Sonra isə dövlət başçıları görüşü yenidən təklikdə davam etdirdilər.
Görüş başa çatdıqdan sonra Prezident Heydər Əliyev və Prezident Robert Koçaryan jurnalistlər qarşısında bəyanatla çıxış etdilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə geniş müzakirə apardıqlarını vurğulayan dövlət başçıları, hələlik konkret nəticə əldə edilməsə də, ənənəvi xarakter daşıyan belə görüşlərin problemin həlli yollarının tapılması üçün çox böyük əhəmiyyəti olduğunu bildirdilər.
Prezidentlər Minsk qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə həlli sahəsində son vaxtlardakı səylərini də müsbət dəyərləndirdilər.
Noyabrın 21-də axşam Çexiya Respublikasının Prezidenti Vatslav Havelin adından sammit iştirakçılarının şərəfinə ziyafət verildi. Azərbaycan Prezidenti Heydər Əliyev ziyafətdə iştirak edirdi.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa