AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV UKRAYNANIN ƏDLİYYƏ NAZİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 15-də Prezident sarayında Ukraynanın ədliyyə naziri Aleksandr Lavrinoviçi və nazirliyin nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev qonaqları salamlayaraq dedi ki, bu, ölkələrimiz müstəqillik qazandıqdan sonra Ukrayna Ədliyyə Nazirliyi nümayəndə heyətinin respublikamıza ilk səfəridir. Prezident Heydər Əliyev vurğuladı ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur və hər iki ölkənin ədliyyə nazirlikləri Azərbaycan və Ukrayna dövlət başçılarının siyasətlərini həyata keçirməlidirlər. Bu baxımdan dost ölkənin ədliyyə nazirliyi nümayəndə heyətinin ölkəmizə səfərinin böyük əhəmiyyəti var.
Ukraynada olduğu kimi, Azərbaycanda da tammiqyaslı hüquq islahatları həyata keçirilir. Azərbaycan Prezidenti bu barədə danışaraq bildirdi ki, Ukrayna Ədliyyə Nazirliyi nümayəndə heyətinin səfəri ölkələrimizin münasibətlərində mühüm hadisədir.
Aleksandr Lavrinoviç Ukrayna Prezidenti Leonid Kuçmanın salamını və ən xoş arzularını Prezident Heydər Əliyevə çatdırdı. Ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə qarşılıqlı əlaqələri təmin etdiyini vurğulayan nazir Bakıda apardığı danışıqların yekunlarından söhbət açaraq bildirdi ki, Azərbaycanda hüquq sistemində islahatlar sahəsində görülən işlər Ukraynada hələlik yaxın perspektivdə nəzərdə tutulur. Bu, həm penitensiar sistemə, həm də qeydiyyata aiddir.
Prezident Heydər Əliyev vurğuladı ki, köhnə sistemin,- o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyəti sahəsində,- əks-sədası bəzi insanlarda belə fikir yaratmışdır ki, onlar dəyişməzdirlər. Bu, prokurorluq, məhkəmə orqanları haqqında qanunların qəbul edilməsi prosesində açıq-aşkar özünü göstərmişdir. Bəziləri həmin qanunların müddəaları əleyhinə çıxaraq, öz mühafizəkar mövqelərini əsaslandırmaq üçün digər ölkələri nümunə gətirirdilər.
İndi prokurorluq fəaliyyətindəki bu yeniliklər Azərbaycanda bunların tətbiq olunmasının əleyhdarlarının istinad etdikləri ölkələrdə - həm Ukraynada, həm də Rusiyada qəbul edilmişdir. Ölkədəki vəziyyəti gərginləşdirən qanunsuz silahlı birləşmələrin olmasına baxmayaraq, Azərbaycan bütün bu çətinlikləri dəf etmiş, vəziyyət sabitləşmiş və hüquq islahatları həyata keçirilmişdir. Dövlətimizin başçısı bildirdi ki, bu addım bəzilərinin iddia etdiyi kimi, yaranmış sabitliyi pozmamış, əksinə, möhkəmləndirmişdir.
Prezident Heydər Əliyev bu yaxınlarda İstanbulda Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşündən söhbət açdı və ümidvar olduğunu bildirdi ki, onun fəal siyasəti və ölkənin böyük potensiali sayəsində Ukrayna uğurlar qazanacaqdır.
Qəbulda ədliyyə naziri Fikrət Məmmədov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ukraynanın Bakıdakı səfiri Boris Aleksenko iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur