AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ALMANİYANIN “FERROSTAL” ŞİRKƏTİNİN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜ
Şirkətin rəhbərlərini mehribanlıqla salamlayan Prezident Heydər Əliyev bu şirkətin respublikamızla sıx əlaqələr qurmaq yolunda atdığı addımları müsbət qiymətləndirdi. Dövlət başçısı bildirdi ki, biz Azərbaycana sərmayə qoymaq istəyən bütün xarici şirkətlərlə əlaqələrin möhkəmləndirilməsinə və onlar üçün hər cür şərait yaradılmasına xüsusi diqqət yetiririk.
Prezident Heydər Əliyev ilə görüşdən şərəf duyduqlarını bildirən Fon Mekkes dedi ki, onların şirkəti neçə ildir ki, Bakıda işləyir və respublikanın zavod və fabriklərinə öz işini bərpa etmək üçün kömək göstərməyə hazırdır. O dedi: Bu, bizim marağımıza müvafiqdir. Çalışacağıq ki, Bakı kondisionerlər zavodu var gücü ilə işləyərək valyuta qazansın və sonra bu valyutanı müəssisənin təkmilləşdirilməsinə, yeni avadanlıq alınmasına sərf etsin. Əlbəttə, bütün bunlar müəssisənin dünya standartlarına uyğun məhsul buraxmasına imkan verəcəkdir. Axı, indi orada işlədilən avadanlıq və texnologiyalar hələ 1972-ci ildə, zavodun işə salındığı dövrdə Yaponiyadan gətirilmişdir və təbii olaraq köhnəlmişdir. Bütün bu xərclərin yarısını biz öz üzərimizə götürəcəyik, yarısı isə Almaniya hökumətinin verdiyi kredit hesabına ödəniləcəkdir. Söz yox ki, bu işdə Azərbaycan tərəfi də yaxından iştirak etməlidir.
Cənab Mekkesi diqqətlə dinləyən və bu şirkətin Bakı kondisionerlər zavodunda görəcəyi işləri yüksək qiymətləndirən Prezident Heydər Əliyev həmin müəssisənin 70-ci illərdə onun respublikaya rəhbərlik etdiyi dövrdə özünün rəhbərliyi ilə tikildiyini, zavodun avadanlığının Yaponiyanın “Toşiba” şirkətindən və digər şirkətlərdən alındığını xatırlatdı. Dövlətimizin başçısı bu zavodun yenidən qurulması ilə əlaqədar qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün respublikamızın görəcəyi işlərdən də bəhs etdi.
“Ferrostal”ın respublikamızla bir çox digər sahələrdə də əməkdaşlıq etmək imkanlarından bəhs edən Prezident Heydər Əliyev almaniyalı iş adamlarının Azərbaycana marağının artmasından razılıqla söhbət açdı və bunun üçün daha mühüm addımlar atılmasının vacibliyini qeyd etdi.